Əsas Səhifə > Gündəm > Xəzər və Mərkəzi Asiya region dövlətləri ilə münasibətlərin inkişafı

Xəzər və Mərkəzi Asiya region dövlətləri ilə münasibətlərin inkişafı


19-12-2019, 16:15

 

Beynəlxalq iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafını təmin etmək üçün böyük üstünlüklərə malikdir. Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Qloballaşma prosesinin gücləndiyi şəraitdə Xəzər və Mərkəzi Asiya regionuna daxil olan ölkələrin xarici iqtisadi inkişaf modelinin konseptual əsaslarının işlənib hazırlanması hər şeydən əvvəl sözügedən ölkələrin iqtisadi inkişafına təsir edən xarici və daxili amillərin qiymətləndirilməsi lazımdır. Ancaq bu amillərin üzə çıxarılaraq obyektiv şəkildə qiymətləndirilməsindən sonra ölkə üçün hansı xarici iqtisadi inkişaf modelinin daha münasib olduğunu müəyyənləşdirmək mümkündür.

Xəzərətrafı dövlətlərlə inteqrasiyanın müasir standartlarına doğru

Xəzərin iqtisadi potensiyalından istifadə edə bilmək üçün Xəzərin statusundan da məharətlə istifadə etməyi bacarmışdır. Lakin hüquqi statusla bağlı məsələ "Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra gündəmə gətirilmişdir. Sərhədlərin müəyyən edilməsindən əlavə, Xəzərin "göl'', "su hövzəsi'' və ya "dəniz'' (qapalı/yarımqapalı) adlandırılması da mübahisəli mövzu olmuşdur. BMT-nin Dəniz hüququ üzrə konvensiyasının 122-ci maddəsinə əsasən, Xəzər yarımqapalı dəniz kimi müəyyən edilsə də, Azərbaycan, Qazaxıstan və Türkmənistan bu konvensiyaya qoşulmadığından, adıçəkilən maddə mübahisəlidir və bütün sahilyanı dövlətlərə mütləq şamil olunmur. SSRİ-nin süqutundan sonra Xəzər dənizinin hüquqi statusuna baxılması zərurətə çevrildi. Xəzərin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) dənizin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlikləri səviyyəsində işçi qrup yaradıldı. Xəzəryanı dövlətlər arasında aparılan danışıqlar və mübadilələr onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq, bütün sahilyanı ölkələr dənizin bölünməsi məsələsinə tərəfdardırlar. Xəzərin dibinin bölünməsində Azərbaycan, Rusiya və Qazaxıstan arasında qarşılıqlı iddialar yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə kitərəfli və üçtərəfli müqavilələr vardır.  Tərəflər ayırıcı xəttin koordinatının müəyyənləşdirilməsində də həmfikirdirlər. Məsələ yalnız Türkmənistan və İranla razılaşdırılmayıb.Bu səbəbdən Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə çoxillik müzakirələr nəticəsiz olaraq qalır. Xəzərin hüquqi statusunun həll olunmaması ölkələr arasında münasibətlərdə yaxınlaşmaya imkan verməyən problemlərdəndir.

Xəzərin hüquqi statusu ilə bağlı keçirilən sammitlərin tarixi

2002-ci il aprelin 23-24-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xəzəryanı dövlət başçılarının I sammiti keçirilib. Prezidentlər Heydər Əliyev (Azərbaycan), Saparmurad Niyazov (Türkmənistan), Məhəmməd Xatəmi (İran), Nursultan Nazarbayev (Qazaxıstan) və Vladimir Putinin (Rusiya Federasiyası) iştirakı ilə Aşqabadın "Ruhiyyət" sarayında keçirilən bu toplantı Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşü idi. Xəzəryanı ölkələrin dövlət başçılarının qapalı iclasında Rusiya, Azərbaycan və Qazaxıstan orta xətt boyunca dəniz yataqlarının bölüşməsini və dəniz üstünün ortaq istifadəsini müdafiə etmişlər. Türkmənistan Xəzər dənizinin bölüşməsi arqumentini dəstəkləməklə fikir ayrılığı yaratmışdır.Bununla birlikdə, Türkmənistan prezidenti bir daha vurğuladı ki, heç kim Xəzərdə güc tətbiq etməməli, mübahisə və münaqişələri qızışdırmamalı və bütün mübahisəli məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Həmin zirvə görüşündə Xəzəryanı dövlətlərin başçıları Xəzər dənizinin hüquqi statusu məsələsi barədə ilk dəfə olaraq öz fikirlərini bildirmişlər. Xəzəryanı ölkələrin dövlət başçılarının II sammiti 2007-ci il oktyabrın 16-da Tehranda keçirilib. Xəzəryanı ölkələrin dövlət başçılarının II sammitinin yekunu olaraq Bəyannamə imzalanıb. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin imzaladığı sənəd 25 bənddən ibarətdir. 2010-cu il noyabrın 18-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Mahmud Əhmədinejad və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun iştirakı ilə Xəzəryanı ölkələrin dövlət başçılarının III Zirvə Görüşü keçirilib. “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” saziş imzalamışdır. Sazişin giriş hissəsində qeyd olunmuşdur ki, tərəflər bu sənədi beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsində təsbit edilən müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, güc tətbiq etməmək, başqalarının işinə qarışmamaq kimi prinsiplərinə əsaslanaraq qəbul etmişdir. Sazişin 1-ci maddəsində qeyd olunmuşdur ki, Xəzər dənizində təhlükəsizliyin təmin olunması Sazişdə o da qeyd olunur ki, “bu müqavilədə heç nə Xəzərin hüquqi statusunu müəyyən etmir”.

29 sentyabr 2014-cü il tarixində Xəzər dənizinin hüquqi statusu, təhlükəsizlik, bioloji resurslar və ətraf mühit kimi məsələləri müzakirə etmək məqsədilə Xəzəryanı dövlətlərin başçıları Həştərxanda 4-cü Xəzər Zirvəsində toplaşmışlar. Çıxışlarında prezidentlər zirvə görüşünü Xəzərin hüquqi statusu ilə bağlı 18 illik mübahisələrin həlli baxımından mühüm irəliləyiş adlandırmışlar. V. Putin nitqində qeyd etmişdir: "Biz bütün tərəflərin uzunmüddətli maraqlarına cavab verən beştərəfli əməkdaşlığın prinsiplərini razılaşdırmışıq və tərəfdaşlarımıza məqbul hesab olunan güzəştlərə görə minnətdarlığımı ifadə edirəm. Əminəm ki, hələdə razılığa gəlmədiyimiz məsələləri növbəti zirvə görüşündə razılaşdıracayıq. Qarşıda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı yekunlaşdırılması mövzusu var''.

Türkmənistanın paytaxtı Aşqabadda 2016-cı ildə Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti Sammit keçirildi. Aşqabad Sammitində Xəzərin statusu ilə bağlı yekun yekdil qərərın əldə olundu. Azərbaycan tərəfinə görə bu “üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində qaldı. Qeyd edək ki, orta xətt prinsipini qəbul etməyən digər hövzə dövlətləri olan İranın payı bu bölgü üzrə 13,8%, Türkmənistanınkı isə 18,4% təşkil edir.” 4 noyabr 2003-cü il tarixdə Tehranda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası imzalanmışdır.

İnvestisiya siyasəti və ortaq əlaqələr

Xəzər və Mərkəzi Asiya region ölkələrinin iqtisadi inkişafında xarici investisiya resurslarından istifadənin əhəmiyyəti İqtisadiyyata investisiyaların cəlb edilməsi üçün əlverişli mühütün yaradılması hər bir ölkənin xarici iqtisadi fəaliyyətinin əsas prioritetlərindən biridir. Qloballaşan dünyada iqtisadi inkişafın aparıcı ünsürü xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr qurmaqdır. Xarici ölkələrlə iqtisadi əlaqələr qurmaqda isə aparıcı ünsürlərdən biri heç şüphəsiz halhazırda dünyada bir nömrəli enerji mənbəyi olan neft və təbii qaz ehtiyatlarıdır. Neft və təbii qaz ehtiyatları artıq təkcə enerji sahəsində deyil, eyni zamanda ölkələrin iqtisadi inkişafında da aparıcı ünsür rolunu oynayır. Məlum olduğu kimi Azərbaycan özünün yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Xəzər və Mərkəzi Asiya regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Bu səbəbdən mövcud neft-qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sahəsində ölkəmiz XX əsrin sonu XXI əsrin əvvəllərindən bölgədə əhəmiyyətli dövlətlərdən birinə çevrilmişdir. Xəzər hövzəsi bölgəsində olan neft və qaz rezervlərindən yararlanan bu 4 ölkə, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Özbəkistan dünya neft rezervlərinin 3,6%inə və təbii qaz rezervlerinin 6,9%inə sahibdir. ABŞ-ın Enerji İnformasiya İdarəsi özünün 2013-cü il hesabatında Xəzər dənizinin su sektorunda ümumi neft ehtiyatlarının 19,6 milyard barel, qaz ehtiyatlarının 106 trilyon kub fut, quru sektorunda isə müvafiq olaraq 28,6 milyard barel və 186 trilyon kub fut (7 trilyon m3 ) həcmində qiymətləndirir. Bununla yanaşı qeyd olunur ki, beş sahilyanı ölkənin Xəzər dənizinin su və quru sektorundakı ümumi neft ehtiyatları 48,2 milyard barel, qaz ehtiyatları isə 285 trilyon kub fut (10,6 trilyon3 ) həcmində qiymətləndirilir. Sənəddə Azərbaycanın Xəzər dənizinin su sektorundakı qaz ehtiyatlarının həcmi 1,5 trilyon m3 , Qazaxıstanın 1,3 trilyon m3 , Rusiyanın 0,5 trilyon m3 , Türkmənistanın 0,3 trilyon m3 kimi göstərilir. Hesabatda, həmçinin bildirilir ki, Qazaxıstanın Xəzərin su sektorundakı neft ehtiyatları 15,8 milyard barel, Azərbaycanın isə 6,8 milyard barel təşkil edir. Hesabatda vurğulanır ki, İran istisna olmaqla, bütün digər sahilyanı dövlətlər Xəzərin su sektorundakı enerji ehtiyatlarının işlənməsindən mənfəət götürür. Sənədin sonunda qeyd olunur ki, bütün sahilyanı ölkələrin ümumi gündəlik neft hasilatı 945 min barel təşkil edir və bunun 890 min bareli (94%) Azərbaycanın payına düşür. BP Britaniya şirkətinin hesabatına əsasən, Azərbaycanın sübut edilmiş neft ehtiyatları 2014-cü ilin əvvəlinə 1 mlrd. ton (7 mlrd. barel) təşkil edir. Hazırda ölkənin təsdiq olunmuş karbohidrogen ehtiyatları 4.6, ehtimal olunan isə 10 milyard ton şərti yanacaq təşkil edir. Bunun 2 milyard tonunu neft, 2,6 trilyon kubmetri isə təbii qaz təşkil edir. Beləliklə, Azərbaycanda neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının 0,4%-ni təşkil edir. Ölkə üzrə neft hasilatının cari həcmini nəzərə alaraq, hələ 20,5 illik neft ehtiyatları qalıb. Cənibi Qafqaz regionunun yeganə neft-qaz istehsalçısı olan Azərbaycan da bu enerji məhsullarından çox asılı vəziyyətdədir. 2014-cü ildə Azərbaycanın dövlət büdcəsi 18,384 milyard manat səviyyəsində təsdiqlənmişdi. Həmin Azərbaycanın xarici ixrac əməliyyatlarında neft və neft məhsullarının həcmi 85%-dən çox olub. Bu, ölkəyə 17.58 milyard dollar valyuta gətirməklə yanaşı, Dövlət Neft Fondundan edilən birbaşa transferlərlə birlikdə, büdcənin 74%-ni neft gəlirləri hesabına formalaşdırıb.

Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatı sayılan Qazaxıstan isə ildən-ilə neftdən asılığını azaldır. 2014-cü ildə ölkənin 29,6 milyard dollarlıq büdcə gəlirlərinin 35%-ni yaxud 10,4 milyard dollarını neft-qaz gəlirləri təşkil edib. Qazaxıstan cənub qonşusu Türkmənistan isə 2014-cü ildə 33,2 milyard dollar büdcəyə malikdir. 20 trilyon qaz və 2 milyard ton təsdiqlənmiş neft ehtiyatı olan türk dövləti enerji məhsullarından çox asılı vəziyyətdədir. Türkmənistanın dövlət büdcəsinin ixracatında neft və neft məhsullar 76,1%-ə bərabərdir.

Ardı var

Şəffaflıq.az
Geri qayıt