Əsas Səhifə > MALİYYƏ > Azərbaycan mərkəzi bankçılığın yaranmasının 105-ci ildönümüdür

Azərbaycan mərkəzi bankçılığın yaranmasının 105-ci ildönümüdür


30-09-2024, 14:03


Bu gün Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyidir. Bu illər ərzində ölkədə mərkəzi bankçılıq uzun inkişaf yolu keçib.

Tarixi inkişaf mərhələləri

Ölkənin maliyyə tarixində mühüm bir mərhələnin başlanğıcı Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq AXC mühüm dövlətçilik atributlarının əksəriyyətinin yaradılmasına nail oldu. AXC hökumətinin yaratdığı dövlətçilik atributlarından biri də məhz müstəqil mərkəzi bankın təsis edilməsi və milli pul nişanlarının yaradılması idi.

Belə ki, AXC hökuməti tərəfindən 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının (ADB) təşkili barədə layihə qəbul olundu. 1919-cu il sentyabrın 18-də ADB-nin nizamnaməsi təsdiqləndi və sentyabrın 30-da təntənəli açılışı keçirildi. Fəaliyyəti mürəkkəb şəraitə təsadüf etsə də, ADB müstəqil dövlətçiliyin və mərkəzi bankçılığın mühüm atributlarından biri olan milli pul nişanlarını dövriyyəyə buraxmağa da müvəffəq oldu. Beləliklə, 10, 25, 50, 100, 250 və 500 nominallı ilk milli kağız manatları tədavülə buraxıldı.

AXC-nin süqutundan sonra SSRİ Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə ADB-nin Xalq Bankına çevrilməsindən sonra mərkəzi bankçılıq tarixinin ikinci mərhələsi başladı. Xalq Bankının əsas vəzifəsi kağız pulların emissiyası oldu. SSRİ ölkələrində mərkəzi bankçılıq müxtəlif adlara və funksiyalara uyğunlaşdırıldı. Ölkəmizdə bu funksiya 1936-1991-ci il illərdə fəaliyyət göstərmiş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsinə həvalə olundu.

Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə ölkədə mərkəzi bankçılığın müasir inkişaf tarixi başladı. Belə ki, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsdiqləndi, Milli Bankın statusu və səlahiyyətləri müəyyənləşdirildi.

Bununla da, Azərbaycan Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” fərmanı ilə Milli Bank yaradıldı.

Milli Bankın fəaliyyətə başlaması respublikada mürəkkəb siyasi və iqtisadi proseslər, torpaqlarımızın işğalı, hakimiyyət çəkişmələri, ölkənin parçalanma təhlükəsi və dərin sosial-iqtisadi böhran dövrünə təsadüf edirdi. Bu dövrdə hiperinflyasiya və əhali gəlirlərinin sürətlə dəyərsizləşməsi baş verir, iqtisadiyyatın həcmi hər il ikirəqəmli templə daralırdı. Manat 1992-ci ildə dövriyyəyə buraxılsa da, ölkədə yeganə ödəniş vasitəsi deyildi. Valyuta ehtiyatlarının olmaması məzənnənin sabitliyini təmin etməyə imkan vermir, nəticədə manatın xarici dəyəri sürətlə ucuzlaşırdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıtmasından sonra ictimai həyatın bütün sahələrində olduğu kimi sosial-iqtisadi və maliyyə sahəsində də sabitlik təmin olundu. Ulu Öndər dövlətçiliyin əsaslarını zəiflədən qüvvələri zərərsizləşdirdikdən sonra ölkəni dərin sosial-iqtisadi böhrandan çıxarmağa hədəflənən əsaslı islahatları həyata keçirməyə başladı. Bu islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin edildi, əsassız pul-kredit ekspansiyasının qarşısı alındı, irihəcmli büdcə kəsirinin emissiya ilə örtülməsinə qanunvericiliklə son qoyuldu və manat ölkədə yeganə ödəniş vasitəsi elan olundu. Bununla da, müasir mərkəzi bankçılıq tariximizin dönüş nöqtəsi başladı.

rkəzi Bank bu gün və sabah

Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət ölkəni regionun etibarlı strateji tərəfdaşına çevirib. Prezident Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa edərək tarixi zəfərə imza atması ilə ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. Milli prirotetlərə uyğun olaraq həyata keçirilən islahatlar ölkənin siyasi və iqtisadi nüfuzunun möhkəmləndirilməsinə xidmət edir.

Mərkəzi Bank belə bir dövrdə cavabdehliyi təşviq etmək, dürüstlüyü qorumaq və inkişafı dəstəkləməklə maliyyə sabitliyini təmin etmək missiyasına sadiq qalır. Mərkəzi Bank ölkədə sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə və iqtisadiyyatın əsas sahələri üzrə müəyyən edilmiş milli prioritetlərin reallaşdırılmasına töhfə verir. Maliyyə sektoru bu prirotetlərin həyata keçirilməsində əsas hərəkətverici qüvvə kimi çıxış edir, Böyük Qayıdış Proqramına uyğun olaraq işğaldan azad olunmuş torpaqlarda maliyyə əlçatanlığının təmin olunması istiqamətində mühüm addımlar atır.

Mərkəzi Bank maliyyə sektorunun dayanıqlılıq çərçivəsində fəaliyyətinin təşkili üçün zəruri infrastrukturun formalaşdırılmasını və dayanıqlılıq prinsiplərinin təşviqini həyata keçirməklə ölkənin tərəfdar çıxdığı beynəlxalq təşəbbüslərin icrasını dəstəkləyir.

Mərkəzi Bank tərəfindən qabaqcıl qlobal təcrübələr nəzərə alınmaqla tənzimləmə və nəzarət çərçivələri müasir dövrün çağırışlarına uyğun formalaşdırılır, Bu da, bank, sığorta, kapital bazarları və ödəniş sistemlərinin fəaliyyətində müsbət dinamikaya töhfə verir. Həyata keçirilən təşəbbüslər maliyyə sisteminə olan ictimai inamı daha da möhkəmləndirməyə yönəlir. Ümumilikdə, ölkədə makroiqtisadi sabitliyin təmin olunması imkanlarının və innovativ texnologiyaların tətbiqi ilə maliyyə inklüzivliyinin genişləndirilməsi, həmçinin sektorun mümkün şoklara qarşı dayanıqlığının gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

Mərkəzi Bank öz mandatı çərçivəsində maliyyə sabitliyinin və dayanıqlı gələcəyin təmin olunması ilə iqtisadi tərəqqinin dəstəklənməsi istiqamətində mühüm təşəbbüslərin həyata keçirilməsini davam etdirəcək.

Şəffaflıq.az


Geri qayıt