Əsas Səhifə > SİYASƏT > Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.

Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.


21-09-2024, 17:18


Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.

Şəffaflıq.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib.

16:07

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun parlament seçkiləri bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

“Report”un xəbərinə görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edəcək.

15:45

Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bunu Parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında deyib.

O qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib:

"Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər".

M. Pənahovun sözlərinə görə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.

"Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar".

15:18

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb.

“Report”un xəbərinə görə, bunu parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.

Qeyd edib ki, MSK seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

İclasda çıxış edən məruzəçi Kamran Şəfiyev seçkilərlə bağlı ölkə üzrə fəaliyyət göstərən Apelyasiya məhkəmələrində baxılan işləri diqqətə çatdırıb. O qeyd edib ki, Şəki, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan Ali Məhkəmələrinə daxil olan müvafiq ərizələr araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Məruzəçi hakim onu da əlavə edib ki, Baş prokurorluğun məlumatına görə, seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanması bağlı rədd qərarı verilib. Digər müraciətlər isə aidiyyəti üzrə MSK-ya yönləndirilib.

15:03

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar iclası başlayıb.

“Report”un xəbərinə görə, iclasda növbədənkənar parlament seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.

İclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, sədr müvaini Rövzət Qasımov və bütün MSK üzvləri, ekspertlər iştirak edirlər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakim parlament seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Bildirilib ki, MSK sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.


Geri qayıt