Əsas Səhifə > SİYASƏT > ANAMA rəsmisi: Azad olunmuş ərazilərdə metal qalıqlarının çoxluğu minatəmizləmə işlərini ləngidir
ANAMA rəsmisi: Azad olunmuş ərazilərdə metal qalıqlarının çoxluğu minatəmizləmə işlərini ləngidir12-09-2024, 15:36 |
Azad olunmuş ərazilərdə mina və metal qalıqlarının çoxluğu minatəmizləmə işlərinin sürətlə aparılmasını ləngidir. Bunu “Report”un Füzuli rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Habil Babayev deyib. O, işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinin sürətlə aparılmasını çətinləşdirən səbəbləri qeyd edib: "Öncə onu bildirim ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərinə başlanılıb. Bu sırada ilkin olaraq, əsas infrastruktur layihələrinin, elektrik, avtomobil və dəmiryol xətlərinin keçəcəyi yerlərdə sürətli təmizləmə işləri həyata keçirilib. Əhmədbəyli, Şuşa, Köndələn gölünün yatağı, ətraf hissələri, Füzuli şəhərinin özü və ətraf kəndləri, həmçinin şəhərsalma layihələri üzrə tapşırıqlar verilən kəndlərin ərazilərdə də təmizləmə işləri gerçəkləşdirilib. Lakin həmin ərazilərdə mina və metal qalıqlarının çoxluğu minatəmizləmə işlərinin sürətini ləngidir”. ANAMA nümayəndəsi minalarla daha çox çirklənməyə məruz qalan ərazilər haqqında da məlumat verib: “Hazırda olduğumuz Horadiz kəndi Füzulinin ən böyük kəndidir. Bu kənd rayonun minalarla ən çox çirklənən ərazisi hesab edilir. Kənddə mina ilə çirklənən ümumilikdə yeddi təmizləmə sahəsi olub. Biz indiki halda düşmənin vaxtilə mövqe tutduğu əraziyə daha yaxın olan 01104 saylı sahədə təmizləmə işləri aparırıq. Ona görə də bu ərazi düşmən tərəfindən daha çox çirkləndirilib. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi çox çətinliklə təmizlənir. Ərazinin yaşayış məntəqəsinə düşməsi, müəyyən çətinliklər yaradır. Bundan başqa, sahədə metal qalıqları həddən artıq çoxdur və düşmən də 2020-ci ildə çəkilərkən kəndin həm cənub, həm də cənub-qərb hissəsini çoxsaylı minalarla çirkləndirib. Burada təmizləmə işləri davam etdirilir və kənd ərazisinin artıq 70-80 faizi minalardan təmizlənib. Yaxın günlərdə digər sahələrin də təmizlənib istifadəçilərə verilməsi nəzərdə tutulur”. H.Babayev işğaldan azad olunan ərazilərə gedən vətəndaşlara çağırış edib: “Vətəndaşlara tövsiyə edirik ki, bu ərazilərə gələrkən, yalnız işarələnmiş ərazilərdəki işlənmiş yollardan istifadə etsinlər. Çünki, bu ərazilərdə atılan yanlış bir addım insanlara həyatları bahasına başa gələ bilər”. Geri qayıt |