Əsas Səhifə > Maraqlı > İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır”
İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır”14-12-2019, 18:54 |
Sabiq Müsavat başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb. Bu barədə Turqut Qəmbər özü şəxsi feysbuk hesabında paylaşım edib. “Bu gün növbədənkənar parlament seçkilərində iştirak etmək məqsədiylə namizədliyimin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim etdim. Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm”, - deyə Turqut Qəmbər bildirib. Qeyd edək ki, İsa Qəmbərin 30 yaşlı oğlunun seçkilərə qatılması maraqla qarşılanıb. Bəs görəsən, Turqut Qəmbərin seçkilərdə iştirak qərarı iqtidarın gəncləşmə siyasətinə dəstək nümayişi ola bilərmi? Ana Vətən Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirdi ki, o, İsa Qəmbərin oğlunun bu addımını normal qarşılayır: “İsa Qəmbər Azərbaycanın vətəndaşıdır, oğlu da həmçinin və konstitusiyanın ona vermiş olduğu hüquqlardan istifadə edərək öz namizədliyini irəli sürüb. Bunun gəncləşmə siyasətinə nə adiyyatı ola bilər ki? Düşünürəm yüzlərlə gənclərimiz var ki, müxtəlif dairələrdən seçkilərə qatılaraq özlərini sınayacaqlar. Ölkənin bütün sahələrində həyata keçirilən islahatların müəllifi cənab prezidentdir. Təbii ki, bu müəlliflik prezidentə aid olan bir şeydir. Ölkədə prezident tərəfindən yeni ab-hava yaradılıb. Bu ab-havada da gənclərimiz fəallaşıb. Bu kimi məsələlər də çox yaxşı bir haldır. Tövsiyyə edirəm ki, gənclərimiz daha da fəallaşsınlar, gələcək ciddi siyasi proseslərə özlərini hazırlasınlar. Bu baxımdan dəyərləndirsək, bunun özü də ciddi bir platformadır. Bu prosesə qoşulan hər kəsə uğurlar arzulayıram. Hesab edirəm ki, son seçim və söz xalqın olacaq”. Fəzail Ağamalı qeyd edib ki, birinin digərindən nə üstünlüyü, nə də aşağılığı var: “Onların hər biri ölkənin vətəndaşıdır. Hər birinin də seçib-seçilmək hüququ var. Bu hüquqdan da güc tapıb istifadə edən hər kəsin addımını da normal qarşılamaq lazımdır”. Şəffaflıq.az Geri qayıt |