Əsas Səhifə > SİYASƏT > Ermənistanın mina xəritələrini təhvil verməkdən imtina etməsi minatəmizləmə prosesinə mane olur
Ermənistanın mina xəritələrini təhvil verməkdən imtina etməsi minatəmizləmə prosesinə mane olur6-09-2024, 16:27 |
Yayda Azərbaycanda səfərdə olan Finlandiyanın keçmiş müdafiə naziri Yan-Erik Enestam ölkənin “Hufvudstadsbladet” [HBL] qəzetində ünvanına yazılan tənqidlərə cavab verib. Şəffaflıq.az-ın məlumatına görə, bu ilin avqustunda Enestamın Azərbaycana səfəri və işğaldan azad edilmiş ərazilərə baş çəkməsi bəzi Finlandiya KİV-də mənfi qarşılanıb. Xüsusilə qəzetdə bundan əvvəl Azərbaycan haqqında mənfi fikirlər səsləndirilib və insanlar bu ölkəyə səfərlərdən çəkinməyə çağırılıb. “Mən xatırlamıram ki, HBL redaksiyası 2022-ci ildə Aİ və Azərbaycanın enerji əməkdaşlığı sahəsində qarşılıqlı anlaşma və strateji tərəfdaşlıq protokolu imzalaması barədə danışsın. Eyni zamanda HBL-in Azərbaycanın Avropanın enerji təminatçısı kimi rolu barədə də danışdığını xatırlamıram”, - o bildirib. Keçmiş nazirin sözlərinə görə, Azərbaycan və Finlandiya prezidentləri bu ilin iyununda Londonda görüşüblər. Bununla əlaqədar Enestam qəzetin qərəzli mövqeyinə diqqət çəkərək bildirib ki, noyabrda Azərbaycana səfər edərək COP29-da iştirak etmək istəyinə görə redaksiyanın Finlandiya Prezidenti Aleksandr Stubbu tənqid etdiyini xatırlamır. Enestam qeyd edib ki, Finlandiyada bir çoxları Ermənistanın 30 il ərzində Azərbaycan ərazisinin böyük hissəsini işğal etdiyini başa düşmür. O xatırladıb ki, Birinci Qarabağ müharibəsi nəticəsində yüz minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə salınıb. Keçmiş məmur məcburi köçkünlərin öz evlərinə qayıtmasını çətinləşdirən mina problemindən də danışıb. “Ermənistanın mina xəritələrinin hamısını təhvil verməkdən imtina etməsi minatəmizləmə prosesinə mane olur. Yüzlərlə azərbaycanlı minaya düşərək ya həlak olub, ya da yaralanıb”, - o vurğulayıb. Sonda Enestam bildirib ki, ümumiyyətlə Finlandiya vətəndaşları Cənubi Qafqazdakı vəziyyətlə bağlı az məlumatlıdırlar. Onun fikrincə, bunun günahı Finlandiya mətbuatındadır. Geri qayıt |