Əsas Səhifə > SİYASƏT > Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb24-08-2024, 11:41 |
Bu il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb. Şəffaflıq.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədr və katiblərinin iştirakı ilə açıq və şəffaf reallaşan prosesi beynəlxalq və xarici təşkilatların, seçki müşahidə missiyalarının, media mənsublarının və maraqlı subyektlərin yaxından izləmələri üçün hərtərəfli imkan yaradılıb. Media nümayəndələrinin geniş və operativ işıqlandırdığı proseslə tanışlıq zamanı seçki bülletenlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili barədə ətraflı məlumat verilib, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması üç gün davam edəcək və avqustun 26-da başa çatacaq. Bülletenlərin ilk gün – avqustun 24-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, o cümlədən ucqar rayonları əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 40 seçki dairəsinə, növbəti iki gün ərzində isə respublikanın bütün digər seçki dairələrinə qanunvericiliyin tələblərinə uyğun qaydada təhvil verilməsi və prosesə yekun vurulması nəzərdə tutulur. Yüksək təhlükəsizlik şəraitində hazırlanan və qorunan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Xatırladaq ki, Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, avqustun 15-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6516567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) seçki bülleteni çap olunub. Geri qayıt |