Əsas Səhifə > Gündəm > “Milli Məclisin buraxılması haqqında qanunvericilik Naxçıvana şamil oluna bilməz” - Qulamhüseyn Əlibəyli

“Milli Məclisin buraxılması haqqında qanunvericilik Naxçıvana şamil oluna bilməz” - Qulamhüseyn Əlibəyli


11-12-2019, 09:25

 

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun dünən imzaladığı Sərəncamda deyilir:

“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin".

Sual olunur: Prezidentin Milli Məclisi buraxmaq qərarı Naxçıvan MR Ali Məclisinə də şamil oluna bilərmi?

“Hürriyyət”in sualını cavablandıran keçmiş deputat, hüquqşünas Qulamhüseyn Əlibəyliyə görə, xeyir: “Təbii ki, Azərbaycanın Milli Məclisinin buraxılması haqqındakı qanunvericilik Naxçıvana olduğu kimi şamil oluna bilməz. Çünki Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər onların Konstitusiyası ilə müəyyən olunub və mənim bildiyimə görə, Naxçıvan Ali Məclisinin buraxılma müxanizmi dəqiq müəyyən olunmayıb. Hər halda, belə bir qərar qəbul olunubsa, deməli, bu, o deməkdir ki, əvvəlki Ali Məclisin səlahiyyətlərinə xitam verilmiş olur”.

Qulamhüseyn Əlibəylinin açıqlamasına nəzər salsaq, görərik ki, o, Naxçıvan MR Ali Məclisinin buraxılma mexanizminin olmadığını xatırladıb və Vasif Talıbovub həmin qərarının isə məntiq etibarilə Ali Məclisin səlahiyyətlərinə xitam verdiyini deyib. Yəni sabiq deputat açıq deməsə də, dolayısıyla Vasif Talıbovun öz səlahiyyət həddini aşdığına diqqət çəkib. 

Şəffaflıq.az
Geri qayıt