Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > “Nəsimi”nin ağac əkməsinə lağ edənlər ömrü boyu bir ağac əkibmi?”- Aqil Abbas

“Nəsimi”nin ağac əkməsinə lağ edənlər ömrü boyu bir ağac əkibmi?”- Aqil Abbas


10-12-2019, 00:23

 

2019-cu il ölkəmizdə “Nəsimi ili” kimi qeyd olunur. Bu münasibətlə ötən həftə Bakıda və Azərbaycanın bir çox bölgələrində ağac əkmə kampaniyası keçirildi. Mütəfəkkir şairin 650 illik yubileyi şərəfinə birinci-vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkildi. Qeyd edək ki, Azərbaycanda ilk dəfə idi ki, bir gündə bu qədər ağac əkilirdi.

Keçirilən kampaniyaların əksəriyyətində aktyorlar İmadəddin Nəsimi və Teymurləngin obrazlarını canlandırıb, şairin qəzəllərini səsləndiriblər. Sosial şəbəkələrdə bu məsələ müzakirəyə çevrilib.  Bir çoxları şair obrazının da kampaniya iştirak etməsinin  və fatehlə bir səhnədə yer almasının doğru olmadığını, onların tarixdə heç bir zaman üz-üzə gəlmədiyini qeyd ediblər.
 
Şəffaflıq.az bildirir ki, məsələ ilə bağlı xalq artisti, “Nəsimi” filmindəki Nəsimi obrazının müəllifi Rasim Balayev “Yeni Müsavat”a danışıb:

“Nəsimi obrazında olan aktyorun da ağac əkməsi bəyəm pisdir? Bu da bir xeyirxah işdir. Çox təqdirə layiqdir ki, respublikada dahisi şair Nəsiminin 650 illiyinin şərəfinə 650 min ağac əkilib.

Mən tarixçi deyiləm, ola bilsin ki, doğrudan da tarixdə Nəsimi ilə Teymurləng görüşməyib, amma əsərdə, səhnədə onları görüşdürüblər. Əgər belə bir səhnə yaradıblarsa da bu müxtəlif insanların fərziyyəsi əsasında olub. Burda pis bir şey yoxdur. Məsələn, Ramiz Həsənoğlunun “Dahilərin divanı” adlı əsəri var. Heç o əsərdəki obrazlar həyatda bir-biriləri ilə görüşməyib. Lakin onların dünyaya baxışları, əqidəsi, gördüyü hərəkətlər bədii formadır. Eləcə də Nəsimi ilə Teymurləngin görüşməsi bədii üsuldur. Hətta əsərdə belə bir məqam var, Teymurləng deyir ki, “Mən bu qədər qılıncla camaatı qorxu altında saxlayıram, mənim əqidəm keçmir, amma kitab oxumaqla insanlar dəyişir. Bu da bir bədii üsuldur”.

Milli Məclisin V çağırış deputatı, AYB üzvü Aqil Abbas isə müzakirələrə bu cür mövqe bildirib:

“Nə olub ki? Aktyor Nəsimi obrazını yaradaraq, ağac əkmə kampaniyasında qəzəl oxuyub, ağac əkib. Bəyəm burda pis nəsə var? Bu məsələyə lağ edənlərə bir sualım var, heç olmasa ömrünüz boyu bir ağac əkmisinizmi?

Mən də ağac əkmə kampaniyası günü Sabirabadda, Ağcabədidə, Ağdamda ağac əkmişəm. Yəni Ağcabədiyə gedirdim, hər dəfə dayanıb, ağac əkənlərə qoşularaq ağac əkdim. Hətta Ağdamda iki ağac əkmişəm”.

Tanınmış jurnalist Aygün Muradxanlı Nəsiminin 650 illiyinin dövlət səviyyəsində qeyd edilməsi önəmli hadisə olduğunu qeyd edib:

“Bütün hallarda bu, sözə, ədəbiyyata, mənəviyyata önəm verilməsinin göstəricisidir. Amma bəzən elə mənzərələr yaranır ki, təəssüflənməyə bilmirsən. Məsələn, sonuncu ağac əkmə kampaniyasında Nəsimi hansı məntiqlə bir əlində Divan, bir əlində bel ordaydı, anlaşılmırdı. Nəsimi ilinə töhfəydisə, şairi real obrazına uyğun olmayan qiyafədə mərasimə “gətirməkdənsə”, Nəsimi qəzəllərinin ifa olunduğu mini konsertlər təşkil oluna bilərdi. Bu, bayram ovqatını yüksəldərdi. Nəsimi Azərbaycan şairi olmaqla yanaşı, geniş bir coğrafiyada bu gün də davamçıları olan fəlsəfi fikir yaradıcılarındandır. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyən şairi düşünülməmiş qərarlarla sıradan insanların lağ obyektinə çevirmək böyük yanlışlıqdır”.

Nəsimi araşdırmaçısı Firudin Qurbansoy isə qeyd etdi ki, tarixdə Nəsimi isə Teymurləngin görüşməsi məsələsi sual altındadır: “Çünki Nəvai yazır ki, Teymurləng Nəsiminin şeirlərini bəyənir, sevirdi, çünki türkçə idi. Məlum olduğu kimi ilk türkçə divanın müəllifi Nəsimidir. Fikrimcə Əmir Teymur kimi böyük bir fatehin Nəsimi ilə görüşməsi problem olmazdı. Mənə elə gəlir ki, onlar görüşüblər. İkinci bir tərəfdən Nəsimi də Əmir Teymura düşmən deyildi, ona qarşı nifrəti yox idi.

İndi “Nəsimi” ilə “Əmir Teymur”un birlikdə ağac əkməsində nə böyük faciə var? Əksinlər də. Nə qədər çox ağac əkilsə, ekologiyamız bir o qədər təmiz, yaxşı olar. Elə Nəsimi də bunu istəyirdi ki, hər kəs üçün hər şey yaxşı olsun”.
Geri qayıt