Əsas Səhifə > Mədəniyyət > Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin 11-ci ildönümü
Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin 11-ci ildönümü8-12-2019, 20:30 |
Ölkə başçısı İlham Əliyev tərəfindən 2008-ci ilin 2 dekabr tarixində dünyada sülhün və mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürülmüşdür. 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransın açılışında bəyan etdiyi bu təşəbbüsün davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda İslam ölkələrin Mədəniyyət nazirlərinin VI Konfransı təşkil edildi. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələrinin nazirlər konfransına isə 10 Avropa ölkəsinin Azərbaycan tərəfindən dəvət olunması ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirdi. “Bakı Prosesi” beynəlxalq dəstəyin zirvəsində 2010-cu ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 65-ci sessiyasında prezident İlham Əliyev tərəfindən Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edildi. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxmış oldu. Nəticə etibarilə 2008-ci ildə “Bakı Prosesi” çərçivəsində UNESKO, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, habelə 2011-ci ildən altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu və iki dəfə Dünya Dini Liderlərinin Sammiti ölkəmizdə yüksək səviyyədə təşkil edilmişdi. 180-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla, sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 min nəfərə yaxın olmuşdur. Bu nüfuzlu tədbirlər sırasına 2015-ci il Bakıda Olimpiya Oyunları səviyyəsində təşkil olunmuş I Avropa Oyunlarını, eləcə də 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını əlavə etmək olar. Bu dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir. Artıq “Bakı Prosesi” dünyada mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və təbliği üçün qlobal bir platformaya çevrilmişdir. Təsadüfi deyil ki, BMT baş katibinin BMT Baş Assambleyasına ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə (A/72/488) illik hesabatda (2017-ci il) “Bakı Prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib. İki müvafiq qərardan (A/RES/72/136) birində Bakı Forumunun əhəmiyyəti vurğulanıb. 2019-cu ildə BMT baş katibinin təşəbbüsü ilə hazırlanmış “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nda “BMT-nin təşkilatları, Avropa Şurası və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan tərəfindən iki ildə bir dəfə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biri” kimi bir daha təsdiq edilmişdir. Bununla da “Bakı Prosesi” insanların təhlükəsizliyini təmin etmək üçün mədəniyyətlərarası dialoq və mədəni müxtəlifliyin həm həlledici amil, həm də çağdaş dövrün ən başlıca öhdəliyi olaraq beynəlxalq gündəmdə yüksək səviyyədə qalmasına şərait yaradır. 2008-ci ildə Bakıda Avropa, eləcə də bir sıra İslam ölkələri mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” təşəbbüsü Azərbaycanda tarixən mövcud olmuş mədəni müxtəliflik və tolerantlığın inkişaf etdirilməsinə, dünyada yayılmasına dövlətimizin dəstəyinin bariz göstəricisidir. Qloballaşan dünyada Azərbaycana olan maraqların artmasının sirri 2010-cu ildə BMT-nin 65-ci sessiyasında Azərbaycan Prezidentinin Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çağırışı “Bakı Prosesi”ni regional təşəbbüsdən qlobal təşəbbüsə çevirdi. Bu ideya UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi və 2011-ci ilin aprelində Bakıda ilk Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 2013, 2015 və 2017-ci illərdə növbəti forumlar təşkil olundu. Ötən on il ərzində ölkəmizdə “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşib, 2016-cı ildə ölkəmizdə keçirilən bu mötəbər tədbirlər sırasında Bakı Beynəlxalq Humanitar Forumunun xüsusi yeri var. Bu Forumun tarixi 2010-cu ildən başlanır, həmin il Bakıda təşkil edilən humanitar əməkdaşlıq üzrə Azərbaycan-Rusiya forumunda iki ölkənin prezidentlərinin təşəbbüsü ilə bu mövzuda beynəlxalq forumun keçirilməsi barədə qərar qəbul olunmuşdu. I Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci ilin 10-11 oktyabrında gerçəkləşdi. 2012-ci ildə ikinci, 2013-cü ildə üçüncü, 2014-cü ildə dördüncü, 2016-cı ildə isə beşinci forum keçirildi. “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli sərəncamına əsasən Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumunun iki ildən bir keçirilməsi qərara alınıb. Hər iki tədbir üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. “Bakı Prosesi”nin qlobal platformaya çevrilməsi və bu çərçivədə ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. BMT Baş Assambleyasının 72-ci sessiyasında (2017) qurumun baş katibinin “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində “Bakı Prosesi”ni xüsusi vurğulaması Azərbaycanın bu sahədə töhfələrinin, qazandığı beynəlxalq nüfuzun yüksək səviyyədə təsdiqidir. Eyni zamanda Azərbaycanın bu istiqamətdə təşəbbüsləri dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm zəmindir. Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirilməsində bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq. Dialoqların inkişafı beynəlxalq sülhün yeni təzahürü kimi Biz indi sivilizasiyalararası dialoqdan danışırıq, ancaq reallıqda sivilizasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Ona görə, indiki zamanda daha çox bu məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir. Bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir”, - deyə Prezident İlham Əliyev 2016-cı il sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumda çıxışı zamanı bildirmişdi. Beləliklə, Azərbaycan paytaxtı altıncı dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. VI Bakı Beynəlxalq Humanitar Forumu “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunub. Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq. Tarixin hər bir dönəmində bizləri yeni və kreativ yollarla düşünməyə, davranmağa və əməkdaşlıq etməyə sövq edən fərqli çağırışlar mövcud olub. Bu günün dünyası da bu mənada fərqli deyil. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” ifrat yoxsulluğun və aclığın aradan qaldırılması, iqlim dəyişikliyi ilə mübarizə, qeyri-bərabərliyin azaldılması, davamlı su təchizatı, enerji mənbələri və yeni sənaye sahələrinin təmin edilməsi də daxil olmaqla, dünyanın görməli olduğu işləri müəyyənləşdirib. Qeyd edək ki, Forumda BMT baş katibinin müavinləri, UNESCO baş direktorunun müavini, İSESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Parlamentlərarası Birlik (İPU), BMT-nin iqtisadi və sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri iştirak edəcək. Tədbirə həmçinin Rusiya, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, 15 ölkədən millət vəkilləri, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, elm xadimləri, ekspertlər qatılacaq. Forumun “Təhsil və elm: insan kapitalının inkişafı kontekstində”, “İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi”, “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi”, “Bakı Prosesi – insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri”, “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” və s. mövzularda plenar və işçi sessiyalar, həmçinin tədbir çərçivəsində Dayanıqlı İnkişafa dair Bakı Konfransı keçiriləcək. Şəffaflıq.az Geri qayıt |