Əsas Səhifə > BİZNES / MALİYYƏ > Şəkidə “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Şəkidə “KOB FEST” sərgi-satış yarmarkası keçirilir


18-07-2024, 15:12


Şəki şəhərində Növbəti “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.

Şəffaflıq.az-ın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən verdiyi məlumata görə, agentliyin təşkilatçılığı ilə keçirilən yarmarkada Qax, Balakən, Şəki və Qəbələdən olan 70-dən çox mikro və kiçik sahibkarın məhsul və xidmətləri nümayiş olunur.

Yarmarkada ipək kələğayı və xalçalar, lavanda, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş məhsullar, keramika, suvenir və bijuteriyalar, sərinləşdirici içkilər, müxtəlif əl işləri, rəssamlıq nümunələri, dəri üzərində tikmə, taxta üzərində oyma və s. məhsullar sərgilənir və satışı həyata keçirilir.

Yarmarkanın açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin 6-cı çağırış millət vəkili Vüqar İskəndərov tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər.

Sərgi-satış yarmarkası iyulun 20-dək hər gün saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilir. Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunan “KOB FEST”lərdə məhsul və xidmətlərini təqdim etmək və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri üçün lazımi şərait yaradılır, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır.

Növbəti “KOB FEST” sərgi-satış yarmarkasının Gəncə şəhərində keçirilməsi planlaşdırılır.


Geri qayıt