Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.
Şəffaflıq.az xəbər verir ki, bu barədə məsələ MSK-nın təsdiq etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Təqvim planında o da qeyd olunub ki, seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.
MSK-nın Təqvim planına əsasən, Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Onların qeydiyyata alınması isə yanvarın 30-dək başa çatmalıdır.