Əsas Səhifə > SİYASƏT > Laçına həyat qayıdır - REPORTAJ

Laçına həyat qayıdır - REPORTAJ


17-07-2024, 10:41


“Laçın Azərbaycanın İsveçrəsidir”. Bu ifadəni Laçını ancaq şəkillərdə görən və ya haqqında heç nə bilməyən insana mübaliğə kimi görünə bilər. Lakin oradakı dağları, dağların qoynundakı şəhəri gözlərinlə görüb, sehrinə qapılanda bunun mübaliğə olmadığını hiss edirsən...

Yolumuz Laçınadır. Sıldırım qayalardan, uca dağların yamaclarından keçən Zəfər yolu ilə gəlib şəhərə çatdıq. Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan mediatur burada aparılan bərpa-quruculuq işləri, tikilməkdə olan sənaye müəssisələri, xüsusilə Zerti Aqrosənaye Parkı ilə tanışlıq məqsədi daşıyır.

Laçının Zerti kəndində kifayət qədər böyük ərazini əhatə edən sənaye parkında qısa müddət ərzində xeyli müəssisə qurulub və fəaliyyətə başlayıb. Burada heyvandarlığın inkişafı üçün seleksiya mərkəzi, orqanik istixanalar, mebel fabriki, ət kəsimi sexi, ayaqqabı fabriki, dam örtükləri zavodu və digər istehsal müəssisələri fəaliyyət göstərir. Əksəriyyəti laçınlılar olan 500-dən çox insanın çalışdığı Zerti Aqrosənaye Parkında bütün müəssisələrin işə düşməsi ilə 1200 iş yerinin açılması potensialı var.

Jurnalistlərin sənaye parkı ilə tanışlığında iştirak edən Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentinin rəhbəri Mais Musayev bildirib ki, indiyədək işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılan şəxslərin 2500-ə yaxını məşğulluqla təmin edilib. Laçın üzrə məşğulluq göstəricilərinə gəlincə, M.Musayev vurğulayıb ki, Laçında köçün həyata keçirildiyi ərazilər üzrə 800-ə yaxın şəxs işlə təmin edilib. Burada 31 nəfər özünüməşğulluq proqramına, 34 nəfər isə peşə hazırlığına cəlb edilib.

Onun sözlərinə görə, Laçında iki dəfə əmək, bir dəfə peşə yarmarkası keçirilib. Yarmarkalarda 44 müəssisə iştirak edib və 500-ə yaxın vakansiya təqdim edilib. Peşə yarmarkasında 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub.

Mediatur zamanı ilk diqqətimizi çəkən müəssisələrdən biri məhz mebel fabriki oldu. Bu fabrikdə azad olunmuş ərazilərdəki quruculuq işlərində istifadə olunan mebellərin, qapıların və kiçikhəcmli inşaat materiallarının istehsalı həyata keçirilir. Fabrikin işçiləri ilə söhbətimizdə aydın olur ki, hazırda burada 60-dan çox əməkdaş çalışır. Onların 43 nəfəri isə Laçına köçürülən laçınlılardır.


Fabrikdə baş usta vəzifəsində çalışan Yusuf Aksüd qeyd edib ki, ilk növbədə, Laçına köçürülən sakinlərin işlə təmin edilməsi fabrikin əsas prioritetidir.

"Mebel fabrikinin ölkə üzrə istehsal həcmi və keyfiyyət zəmanəti kifayət qədər yüksəkdir. Burada istehsal olunan mebellərin xammalı və müxtəlif materiallar Rusiya, Türkiyə və digər ölkələrdən idxal edilir. Bütün məhsullar burada tam hazır mebel vəziyyətinə gətirildikdən sonra Qarabağda bərpa-quruculuq prosesində iştirak edən şirkətlərin sifarişlərinə uyğun olaraq çatdırılır və quraşdırılır", - baş usta deyib.

Y.Aksüd əlavə edib ki, fabrikdə istehsal olunan mebellər yüksək keyfiyyətə malikdir və dizaynerlər, mühəndislər tərəfindən hər bir evin böyüklüyünə, xüsusiyyətinə uyğun hazırlanır: "Azad edilmiş ərazilərdə fəaliyyət göstərmək bizim üçün fəxrdir. Ona görə burada gördüyümüz hər işə daha çox can yandırırıq. Mebelləri hazırlayarkən sakinlər üçün əlverişli və uzunmüddətli istifadə edilməsinə çalışırıq. İndiyə qədər Ağdam, Füzuli, Xocalı, Şuşa və digər bölgələrdəki quruculuq işlərində bizim istehsal etdiyimiz mebellərdən istifadə olunub. Hazırda Kəlbəcərdə tikilən evlər üçün mebellər, qapılar hazırlamışıq. Onların yaxın günlərdə tam quraşdırılması işləri bitəcək və çox güman ki, sakinlərin "böyük qayıdışı" üçün bütün hazırlıq işləri yekunlaşacaq".


Zerti Aqrosənaye Parkındakı daha bir perspektivli istehsal müəssisəsi Heyvandarlıq Seleksiya Mərkəzidir. Ötən ilin avqustunda açılışı həyata keçirilən bu müəssisədə saxlanılan heyvanların sayı artırılaraq, ümumilikdə 150 baş heyvana çatdırılıb.

Mərkəzin sahə nəzarətçisi Əli Cəmilzadə bildirib ki, burada 48 baş keçi, 102 baş qoyun var: "Buranın açılışı ötən ilin avqustunda olub, həmin vaxt Mərkəzə 31 baş keçi, 72 baş qoyun gətirilmişdi. Keçilər arasında Fransa, Rusiya, Suriya cinsləri üstünlük təşkil edir. Qoyunlar isə əsasən Fransa, Rusiya və Cənubi Afrika cinsləridir. Mərkəz xarici növ heyvan cinslərinin bu mühitə uyğunlaşdırılması və artırılması məqsədi daşıyır. Heyvanlara gündəlik arpa, yonca və su ehtiyatı verilir, yeri təmizlənir və peyvəndlər vurulur. Amma onları otlaq sahəsinə buraxa bilmərik. Çünki heyvanların qidalanmasına, hansı otun və yemin verildiyinə diqqət edilməlidir. Artım sayı müəyyən bir həddə çatdırıldıqdan sonra heyvanların əraziyə buraxılması, fermerlərə verilməsi və s. məsələlər həyata keçiriləcək".


Sənaye parkında baş çəkdiyimiz növbəti fabrik yüksəkkeyfiyyətli dam örtüklərinin istehsalını həyata keçirən müəssisə oldu. Bu ilin yanvar ayından fəaliyyətə başlayan fabrik müasir avadanlıqlarla təchiz edilib. Dam örtüklərinin istehsalında iştirak edən işçilərin sözlərinə görə, burada "Zerti" adı ilə hazırlanan məhsulların 100 ildən artıq davamlılığı var. Laçındakı bu müəssisə işğaldan azad olunmuş Qarabağda quruculuq işlərinə cəlb edilən tikinti şirkətlərinin ehtiyaclarının bir hissəsini qarşılamağa qadirdir.

Müşahidələrimizə əsasən, əminliklə deyə bilərik ki, Laçındakı Zerti Aqrosənaye Parkında fəaliyyət göstərən bütün müəssisələr dünyanın ən yeni texnologiyaları ilə təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər.

İşğaldan azad edildikdən sonra Laçında evlərin hamısı ərazinin relyefinə uyğun inşa edilib. Bir kənarda dayanıb ətrafı müşahidə etdikdə insana elə gəlir ki, evlərin arasında heç bir yol yoxdur. Bunun səbəbi isə enişli-yoxuşlu, labirinti xatırladan dolanbac küçələrin olmasıdır. Amma maraqlıdır ki, heç bir həyətyanı evin hasarı yoxdur. Haradan baxırsan bax, bütün evlərin həyəti görünür.


Qonağı olduğumuz Şakir Cəfərov da deyir ki, kim öz həyətində oturursa, küçədən keçən qonşularını görür, bir-birilə uzaqdan salamlaşır, hal-əhval tutaraq gedib-gəlirlər.

Şakir bəyin ailəsi dörd nəfərdən ibarətdir və onların hər biri artıq Laçında işləyir. O, ötən ilin oktyabrında – Laçına köçəndən bəri çox xoşbəxt yaşadıqlarını deyir: “Biz 30 ildir arzuladığımız həyatı yaşayırıq. Laçında keçən hər günümüzə görə Ali Baş Komandana minnətdarlıq duyuruq və şəhidlərimizə rəhmət diləyirik. Laçında az müddətdə çox böyük işlər görüldü. Mən evimin təmir ediləcəyini, köçəcəyimizi biləndə hədsiz sevinc içində idim. Hətta evimi özüm əllərimlə qurmağı istədiyimi də bildirmişdim. Amma buranın relyefi, ərazisi hədsiz gözəl olmaqla bərabər, həm də çətindir. Hər kəs istədiyi kimi ev tikə bilməz, müəyyən standartlar gözlənilməlidir. Ona görə mən evimin quruculuq işində sadəcə iştirak etdim və hər şeyi dövlətimiz həyata keçirdi”.

Laçın sakini həyat yoldaşı və qızının buradakı modul tipli xəstəxanada çalışdığına diqqət çəkərək bildirdi ki, köç prosesindən sonra işlə təminat məsələsində heç bir problem yaşamayıblar: “Bir qədər əvvəl, sizinlə söhbətimizdə də qeyd etdiyim kimi, çalışdığım dam örtükləri fabriki Qarabağdakı tikinti bərpa-işlərində mühüm rol oynayır. Biz var gücümüzlə 30 il sonra qovuşduğumuz torpağımızın bərpasına çalışırıq”.


Laçının dağlarından süzülüb gələn buz kimi bulaqların suyundan samovar çayımızı içib sağollaşanda Şakir bəy “Yenə gəlin, inanın ki, hər dəfə gələndə Laçını daha fərqli, daha çox inkişaf etmiş, canlanmış görəcəksiniz. Çünki bu torpağın əsl sahibi – biz qayıtmışıq”, - deyərək xoş təbəssümlə bizi yola saldı.

İstəməsək də, Laçında keçirdiyimiz qısa və unudulmaz vaxtı yekunlaşdırmalı olduq. Yolboyu hər addımda mənzərəsini seyr etmək istədiyimiz, yazının əvvəlində qeyd edilən “İsveçrəmizə” hələ çox səfərlərimiz olacaq


Şəffaflıq.az

Geri qayıt