Əsas Səhifə > EKOLOGİYA > Azərbaycan "yaşıl layihə"lər üçün 500 milyon dollarlıq İqlim İnvestisiya Fondu yarada bilər

Azərbaycan "yaşıl layihə"lər üçün 500 milyon dollarlıq İqlim İnvestisiya Fondu yarada bilər


12-07-2024, 15:16


Azərbaycan, noyabr ayında keçiriləcək BMT-nin COP29 sammiti ərəfəsində iqlim maliyyələşdirməsini cəlb etmək üçün ilk simvolik addımını ataraq, "yaşıl layihə"lər üçün ən azı 500 milyon ABŞ dolları cəlb etmək planları ilə çıxış edib.

Bu barədə Şəffaflıq.az “Financial Times”a istinadən xəbər verir.

COP29-un yüksək rütbəli rəsmisi bildirib ki, Bakı, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Gələcək üçün İqlim İnvestisiya Fondu” adı altında müəssisə yaratmağı planlaşdırır. Bu fond digər qalıq yanacaq istehsalçılarından əlavə kapital cəlb etməyə çalışacaq.

COP29 rəsmiləri bildiriblər ki, Azərbaycan fondu qalıq yanacaq şirkətlərinin töhfəsi üçün başlanğıc nöqtəsi olacaq və onların ya birdəfəlik məbləğlər, ya da gəlirlərinin bir hissəsini ianə edə biləcəyi bir mexanizm yaradacaq.

Nəşr vurğulayır ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin əvvəlində ölkənin "tanrı vergisi" olan neft və qaz ehtiyatlarını müdafiə etməsindən və Avropanın enerji tələbatı səbəbindən onun fosil yanacağının hələ uzun illər lazım olacağını iddia etməsindən sonra atılıb.

Dubayda keçirilən COP28-də təxminən 200 ölkə 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün fosil yanacaqdan "ədalətli, nizamlı və bərabər şəkildə" keçməyə razılaşdı, lakin BMT-nin iqlim prosesi çərçivəsində bu məqsədə çatmaq üçün çox az irəliləyiş əldə edilib.

COP29-un yüksək rütbəli rəsmisi bildirib ki, iqlim yönümlü fonddan əldə edilən investisiya gəlirləri təkrar fonda qaytarılacaq və Azərbaycan rəsmiləri hazırda sərmayənin 50 %-ni ekstremal hava hadisələrindən ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələri əhatə etməsini müzakirə edirlər.

"Konsepsiya hazır olduqdan sonra biz potensial töhfə verə biləcəyimizi düşündüyümüz tərəflərə müraciət edəcəyik... Biz fossil yanacaq istehsal edən və istifadə edən bütün ölkələri bu təşəbbüsün bir hissəsi olmağa dəvət edəcəyik", - rəsmi şəxs bildirib və əlavə edib ki, fond qalıq yanacaq şirkətlərindən yığım təşkil etməyəcək.

Qeyd edək ki, iyunda Bonnda BMT-nin iqlim danışıqları, COP29 sammitindən əvvəl inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında iqlimin maliyyələşdirilməsi ilə bağlı yeni hədəfin müəyyənləşdirilməsi ittihamlarla başa çatdı.

2009-cu ildə müəyyən edilmiş əvvəlki illik 100 milyard ABŞ dolları hədəfinə nəhayət ki, keçən il, planlaşdırılan vaxtdan iki il gec və mövcud yardımın yenidən təsnifləşdirilməsindən sonra nail olunub.

Avropa Birliyi və ABŞ kimi böyük donorlar iqtisadi inkişafda irəliləyişlər əldə etmiş Çin və Səudiyyə Ərəbistanı kimi ölkələri gələcəkdə daha çox vəsait ayırmağa çağırıblar. Lakin bu təşəbbüs iqlim dəyişikliyinin arxasındakı tarixi emissiyaların daha varlı iqtisadiyyatlara fayda verdiyinə əsaslanaraq ciddi müqavimətlə qarşılanıb.

Bu problem BMT-nin iqlim müzakirəçilərini, COP29-da qlobal istiləşmənin təsirləri ilə mübarizə aparmaq üçün iqlim hədəflərinin artırılması perspektivlərindən məyus edib.


Geri qayıt