Əsas Səhifə > FUTBOL > AFFA Məşqçilər Komitəsinin sədri: "Zirə"yə inamımız böyükdür
AFFA Məşqçilər Komitəsinin sədri: "Zirə"yə inamımız böyükdür11-07-2024, 13:07 |
"Zirə"yə inamımız böyükdür. Bunu açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis Azərbaycan təmsilçisinin Moldovada "Şerif"ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb: "Klub uzun müddətdir ki, güclü komanda formalaşdırır. Artıq Avropada öz sözünü demək vaxtıdır. Rəqib bizə tanışdır. Çempionalar Liqasının və digər turnirlərin qrup mərhələlərində oynamış kollektivdir. Kağız üzərində favorit "Şerif"dir. "Zirə" və digər təmsilçilərimiz Azərbaycan futbolunun klub səviyyəsində gücünü göstərməyə hazırdırlar. Hər birimiz "Zirə"nin uğurlu nəticə ilə Vətənə qayıdacağına inanırıq. Ümid edirəm ki, mərhələni adlayan tərəf də klubumuz olacaq". V. Sadıqov komandanın səfərdən sərfəli nəticə ilə qayıtmalı olduğunu söyləyib: "Zirə"nin sırf müdafiə futboluna üstünlük verəcəyinə inanmıram. Ancaq komanda həmişə etibarlı oyunla seçilib. İlk matçda da etibarlı oynamağa çalışacaqlar ki, şansın çoxunu cavab qarşılaşmasına saxlasınlar". AFFA Məşqçilər Komitəsinin sədri rəqiblərin gücünü şişirtməyin əleyhinədir: "Artıq vaxt çatıb, onlar bizim klublarımızdan çəkinməlidirlər. Bu təsnifat mərhələləri klublarımızın ildən-ilə inkişaf etdiyini və böyük uğurlara imza atmağa hazır olduğunu göstərəcək". Qeyd edək ki, bu gün Tiraspol şəhərindəki "Şerif Arena"da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Şəffaflıq.az Geri qayıt |