Əsas Səhifə > İqtisadiyyat > Nağdsız hesablaşmalarla bağlı stimullaşdırıcı vergi güzəştləri tətbiq ediləcək

Nağdsız hesablaşmalarla bağlı stimullaşdırıcı vergi güzəştləri tətbiq ediləcək


27-12-2018, 23:30
 Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, dövlətin müəyyən etdiyi strateji hədəflərdən biri nağdsız hesablaşmaların xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasıdır.
Son illərdə sahibkarla fiziki və hüquqi şəxslər arasında hesablaşmalarda nağdsız əməliyyatların xüsusi çəkisi xeyli artıb. Buna qanunvericilikdə birbaşa və dolayı tələblərin qoyulması ilə nail olunsa da, hökumət bu sahədə əlavə stimullaşdırıcı addımlar atmaqla daha yüksək nəticənin əldə olunmasına çalışır.
Verilmiş güzəştlər POS-terminal vasitəsilə ödənişi qəbul edənlərə aid edilir. Məqsəd həmin şəxslər üçün stimulun yaradılması, nağdsız ödəmələrin ən çox “axsadığı” sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaq, sahibkarları POS-terminallar tətbiq etməyə stimullaşdırmaqdır.
Qeyd olunub ki, dəyişikliyin nəticəsi kimi pərakəndə ticarət və ictimai iaşə sahələrində POS-terminalların tətbiqinin, nağdsız ödəmələrin həcm və dövriyyəsinin artması gözlənilir. Bu isə büdcə daxilolmalarının artımında əksini tapacaq.
Geri qayıt