Əsas Səhifə > EKOLOGİYA > Balakəndə selə qarşı mübarizə tədbirləri həyata keçirilir
Balakəndə selə qarşı mübarizə tədbirləri həyata keçirilir11-07-2024, 09:23 |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Balakən rayonunda yerləşən yerli istismar idarəsi selə qarşı mübarizə tədbirləri həyata keçirir. Şəffaflıq.az-ın Şimal-qərb bürosunun məlumatına görə, mühafizə tədbirləri Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Himbulçay, İnterçay və digər dağ çaylarında aparılır. ADSEA-nın yerli istismar idarəsinin nümayəndəsi İlkin Aslanov "Report"un yerli bürosuna bildirib ki, mövsümlə əlaqədar olaraq həmin çaylar daşaraq ətrafdakı kəndlərə, əkin sahələrinə ziyan vurur: "Baş verə biləcək sel hadisələrinin yarada biləcəyi təhlükələrdən müdafiə olunmaq məqsədi ilə idarə məcra tənzimləmə və sahilbərkitmə işləri aparır. 2024-cü ilin 6 ayı ərzində ayrı-ayrı çaylarda texnikalar vasitəsi ilə ümumilikdə 157 min kub metr tənzimləmə işləri yerinə yetirilib". Qeyd edək ki, Balakəndə yerləşən yerli istismar idarəsi selə qarşı mübarizə tədbirləri ilə yanaşı suvarmanın yaxşılaşdırılması istiqamətində də işlərini davam etdirir. Rayonda suvarma əsasən dağ çaylarından gələn suların, subartezian və artezian quyularının hesabına aparılır. Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir. Hazırda rayon ərazisində su itkisinin qarşısının alınması məqsədi ilə lildən təmizləmə işləri davam etdirilir. Geri qayıt |