Əsas Səhifə > TURİZM > Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi: “İsa bulağı” istirahət kompleksi bölgədə turizmin inkişafına töhfə verəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi: “İsa bulağı” istirahət kompleksi bölgədə turizmin inkişafına töhfə verəcək


9-07-2024, 11:05


Prezident İlham Əliyevin iyulun 5-də Şuşada açılışını etdiyi “İsa bulağı” istirahət kompleksi bölgədə turizmin inkişafına töhfə verəcək.

Bu sözləri Şəffaflıq.az-ın Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı Kərim Kərimli deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib:

“Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir”.

K.Kərimli qeyd edib ki, Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi durudur: “Ən isti yay günlərində belə ətrafı həmişə sərin olan bulaq hər zaman şuşalıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanlarından olub. Ərazidəki istirahət kompleksinin təmir edilərək istifadəyə verilməsi Şuşada turizmin inkişafına töhfə verəcək. İsa bulağı 34 il əvvəl olduğu kimi yenə də Şuşaya gələnlərin üz tutduqları ən sevimli məkanlardandır”.




Geri qayıt