Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.
Şəffaflıq.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun dövlətimizin başçısına və birinci xamına 25 illik yubileyini qeyd edən builki sərgi haqqında məlumat veriblər.
Bildirilib ki, yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. Türkiyə, Rusiya, ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. Sərgiyə 11 ölkə milli pavilyonla qatılıb. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif olunur. Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, işgüzar əlaqələrin qurulması üçün də nadir məkandır.
Dövlətimizin başçısı və birinci xanım İnnovasiyalar Agentliyinin stendi ilə tanış olublar. Burada agentliyin fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, Agentlik regional investorları cəlb etmək üçün beynəlxalq ekspertlərin iştirakı ilə Fondlar Fondunun yaradılması üzərində iş aparır. Bu sahədə beynəlxalq təcrübə öyrənilir. Agentliyin indiyədək bir çox startapları həyata keçirilib. Bu startaplar sosial, süni intellekt, istehlakçılar, tibb və digər sahələri əhatə edir.
Dövlətimizin başçısına Azərbaycanda startapçılar üçün yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, İnnovasiyalar Agentliyi bütün regional startaplara Azərbaycanda öz şirkət nümayəndəliklərini qeydiyyatdan keçirməyə, yerli mütəxəssislərdən ibarət komanda formalaşdırmağa, məhsullarını adaptasiya etməyə və kommersiyalaşdırmağa kömək göstərir.
Bu stenddə Azərbaycan Prezidentinə və birinci xanıma startap layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzInTelecom”un stendində də təqdim olunan yeniliklərlə tanış olublar. Burada “Hökumət buludu” layihəsi, yeni məhsullar və layihələr təqdim edilir. Bundan başqa, eyni zamanda, proqram təminatı xidmətləri çərçivəsində yeniliklər nümayiş olunur. Stenddə, həmçinin Yevlaxda ehtiyat Data Mərkəzi, bulud texnologiyaları üzrə ən son xidmətlərin “Azcloud MeetUp” adlı emalatxanası barədə də məlumat almaq olar.
“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunur.
“Baktelecom” stendində sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxtətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi, həmçinin IPTV texnologiyası ilə rəqəmsal televiziya xidmətləri, mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan “Virtual ATS” xidməti təqdim olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas informasiya texnologiyaları infrastrukturu olan Məlumat Hesablama Mərkəzi ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətini qanunvericiliyə əsasən təmin edən müəssisədir. Qırx beş ildən çoxdur ki, fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi Azərbaycanda kompüter texnologiyası ilə hesablamalar və təhlillər aparan ilk qurumdur. Müəssisənin xidmətlərinə “özəl şəbəkələrin qurulması”, “proqram təminatı”, “məlumatın saxlanma və emalı sistemi”, “sistem inteqrasiya həlləri”, “veb saytların yaradılması” və digər mühüm xidmətlər daxildir. Mərkəz fəaliyyət sahələrini genişləndirərək informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edir.
“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti təqdim olunub. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır. Buradakı digər yenilik isə “Postpay” – elektron pul kisəsidir.
“Azərmarka” MMC-nin stendində markalı kitablar, bu il ərzində tədavülə buraxılan poçt markaları, suvenirlər təqdim edilir.
Dövlətimizin başçısı və birinci xanım poçt markalarını möhürləyiblər.