Əsas Səhifə > XARİCİ XƏBƏR > Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib4-07-2024, 11:37 |
Azərbaycana səfəri çərçivəsində Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabonenin başçılıq etdiyi arxeoloq və ekspertlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşü olub. Şəffaflıq.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, müxtəlif səviyyələrdə reallaşan qarşılıqlı səfərlərin, o cümlədən 2002-ci ildə Papa II İohann Pavelin, 2016-cı ildə Papa Fransiskin ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın isə Vatikana səfərlərinin həm ikitərəfli əlaqələr, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, imzalanan sənədlərin münasibətlərimizin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Müzakirələr zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin fəaliyyətindən, formalaşmış səmərəli əməkdaşlıqdan, birgə layihələrin icrasından məmnunluq ifadə edilib, hazırda da müştərək layihələr üzərində işlərin uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin Fond tərəfindən bərpasının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində işlərin görülməsi ikitərəfli münasibətlərin dərinləşməsinə töhfədir. Paskal Yakabone görülən bütün işlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. Dini etiqad və vicdan azadlığının tam təmin olunduğu, çoxlu sayda dini icmanın fəaliyyət göstərdiyi, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şəraitin təmin edildiyi Azərbaycanda digər dini icmalara olduğu kimi, katolik icmaya da göstərilən diqqət, ölkəmizdə kilsə və məbədlərin, o cümlədən katolik kilsələrin bərpası istiqamətində görülən işlər yüksək dəyərləndirilib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun gələcəkdə də Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb. Görüşdə tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin bərpası istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətinə də nəzər salınıb. Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone hər 25 ildən bir Müqəddəs Taxt-Tacda keçirilən və növbəti mərasimin 2025-ci ilə təsadüf etdiyi Müqəddəs Yubiley İli ilə bağlı tədbirə Heydər Əliyev Fondunun da dəvətli olduğunu diqqətə çatdırıb. Geri qayıt |