Əsas Səhifə > EKOLOGİYA > Ötən ay ölkədə mürəkkəb sinoptik şərait müşahidə olunub

Ötən ay ölkədə mürəkkəb sinoptik şərait müşahidə olunub


2-07-2024, 13:24


Ötən ilin iyun ayında ölkə ərazisində mürəkkəb sinoptik şərait müşahidə olunub. Ay ərzində xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışlar yağıb və tez-tez təkrarlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub: "Abşeron yarımadasında isə ay ərzində maksimal yağıntı iyunun 27-də qeydə alınıb, Sumqayıta 25 mm-ə qədər yağıntı düşüb. Son on ilin müşahidə məlumatlarına əsasən, belə intensiv yağış 2011-ci ilin iyunun 9-da qeydə alınıb, Bakıya 14 mm, Sumqayıta isə 26 mm yağıntı düşüb. Son dövrlər ölkə ərazisində ildırım-dolu prosesinin başvermə intensivliyi artıb, həmçinin əhatə dairəsi genişlənib. Ötən ilin iyun ayında 43 dəfə dolu düşdüyü halda, bu ilin iyununda 59 dəfə dolu hadisəsi qeydə alınıb”.

Xidmət rəisi bildirib ki, iyun ayı yüksək temperatur rejimi ilə də fərqlənib: "Ay ərzində havanın temperaturu 28 gün normadan yüksək olub. Lakin ayın sonuna doğru soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində ötən günlərlə müqayisədə temperatur bir qədər enib və 2 gün normadan aşağı olub. İyun ayı ərzində havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib. Orta aylıq temperatur 27.4 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 4.4 dərəcə yüksək olsa da, rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib".

“İyun ayının ayrı-ayrı günlərdə küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında iyun ayında sürəti 15 m/s-dən çox olan küləkli günlərin sayı 6 olub, şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-dək güclənib. Bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin sürəti 15 m/s-dən çox olub, maksimal sürəti arabir 30 m/s-yə çatıb”, - N.Mahmudov vurğulayıb.


Geri qayıt