Əsas Səhifə > MALİYYƏ > Sosial Xidmətlər Agentliyinin zərəri 9 % artıb

Sosial Xidmətlər Agentliyinin zərəri 9 % artıb


1-07-2024, 12:35


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi 2023-cü ili 57,46 milyon manat zərərlə başa vurub.

Şəffaflıq.az agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 8,6 % çoxdur.

Ötən il Sosial Xidmətlər Agentliyinin əməliyyat gəlirləri 92 min manat (əvvəlki ilə nisbətən 18,4 dəfə çox), işçi heyəti ilə bağlı məsrəfləri 38,095 milyon manat (22,3 % çox), sosial xidmət və maddi yardım xərcləri 7,678 milyon manat (26,6 % az), köhnəlmə və amortizasiya xərclcəri 2,137 milyon manat (0,5 % çox), ümumi nəzarət altındakı qurumlara aktiv köçürülməsindən zərəri 310 min manat (18,2 % az), inzibati və digər əməliyyat xərcləri 9,333 milyon manat (5,9 % çox), təşkil edib.

Bu il yanvarın 1-nə Sosial Xidmətlər Agentliyinin aktivləri 67,239 milyon manat olub ki, bu da illik müqayisədə 4,7 % azdır. Hesabat dövründə agentliyin öhdəlikləri 1,2 % artaraq 247 min manata çatıb, balans kapitalı isə 4,7 % azalaraq 66,992 milyon manata düşüb.

Sosial Xidmətlər Agentliyi Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” qanunla müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


Geri qayıt