Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclis 14 yaşdan yuxarı şəxslərin kiçik elektrik nəqliyyat vasitəsini idarə etməsinə icazə verib

Milli Məclis 14 yaşdan yuxarı şəxslərin kiçik elektrik nəqliyyat vasitəsini idarə etməsinə icazə verib


28-06-2024, 13:07


Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verən layihə üçüncü oxunuşda təsdiqlənib.

Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.

Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.

- təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

- oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

- oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

- sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

- xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Geri qayıt