Əsas Səhifə > Mədəniyyət > Əhməd Cavad İnstitutunun rəhbəri: Bu mərkəz türkçülük ideyalarını gələcəyə aparmaq məqsədilə qurulub

Əhməd Cavad İnstitutunun rəhbəri: Bu mərkəz türkçülük ideyalarını gələcəyə aparmaq məqsədilə qurulub


18-06-2024, 13:08


“Çırpınırdı Qara dəniz” şeiri ilə Azərbaycan və Türkiyədə istiqlal şairi olaraq tanınan Əhməd Cavadın adına yaradılan institut türk dünyasının varlığını, köklü keçmişini, türk şüurunu, əqidəsini, amalını və türkçülük ideyalarını gələcəyə daşımaq məqsədi ilə qurulan mərkəzdir.

Bunu Şəffaflıq.az ın Ankara bürosuna Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş məsləhətçisi, keçmiş millət vəkili, professor Ruhi Ərsoy bildirib.

MHP sədri Dövlət Baxçalının tövsiyəsi ilə partiyanın nəzdində qurulan instituta rəhbərlik edən Ruhi Ərsoy deyib ki, Əhməd Cavad türk dünyasında mübarizə simvoluna çevrildiyi üçün bu institut elmi mərkəz olaraq türkçülük uğrunda özünü fəda edən aydınların da öyrənilməsinə, tanıdılmasına xidmət edəcək:

“İlk olaraq, sədrimiz Dövlət Baxçalının bu mövzuya çox həssaslıqla yanaşdığını qeyd etmək istərdim. Türk dünyasının birlik və rifah içində yaşamasına bizim partiyanın da bir dəstəyi olması məqsədi ilə institutun yol xəritəsini hazırladıq. İki fərqli nüsxədə kataloq tərtib etdik. Türk dünyasının bu günü və sabahı üçün tarixdə iz qoymuş, 1930-cu illərdən başlayaraq repressiya zülmünə məruz qalan digər ziyalıların da adını kataloqlara daxil etdik. Mikayıl Müşfiq, Hüseyn Cavid və sürgün edilən digərlərinin adları da bu kataloqda var. Başda Əhməd Cavad olmaqla, repressiya qurbanlarının həyat və yaradıcılıqlarını, ədəbi-elmi fəaliyyətlərini öyrənib türk ictimaiyyətinə tanıtmaq məqsədilə fəaliyyətə start verdik. Bu nüsxələr hörmətli sədrimizə də təqdim ediləcək, müzakirələrdən sonra qəbul edilən variant çoxaldılacaq və təşviq üçün yayılacaq”.


Geri qayıt