Əsas Səhifə > Mədəniyyət / Cəmiyyət / ELM VƏ TƏHSİL > Vasif Qafarovun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı olub-FOTO

Vasif Qafarovun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı olub-FOTO


13-06-2024, 00:10

 

İyunun 11-də Qərbi Azərbaycan İcmasında “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı keçirilib.

Şəffaflıq.az xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmada bu cür silsilə tədbirlərin mütəmadi olaraq keçirildiyini deyib. Bildirilib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışındakı çıxışında İcmanın qarşısında duran vəzifələr barədə geniş məlumat vermişdi. Həmçinin dövlətimizin başçısının tövsiyələri əsasında Qərbi Azərbaycana qayıdış istiqamətində ardıcıl və sistemli iş aparılır. İcma sədri əlavə edib ki, sovet dövründə Azərbaycan həqiqətlərinin öyrənilib nə xalqımıza, nə də dünya ictimaiyyətinə çatdırılmasına imkan verilmirdi. Amma ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximiz və taleyimiz ilə bağlı həqiqətləri öyrəndik və dünyaya yaya bildik.

Sonra Azərbaycan Respublikasının Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, yeni elmi dövriyyəyə daxil edilən Türkiyə arxiv sənədləri əsasında yazılan bu kitabda Osmanlı imperiyası ilə Cənubi Qafqaz arasında 1918-ci il mayın 11-dən iyunun 4-dək davam edən Batum konfransında Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələr detallı şəkildə araşdırılıb və tarixi həqiqətlər üzə çıxarılıb. Kitabın elm ictimaiyyəti və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına, Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsinin tarixini öyrənmək və araşdırmaq istəyənlər üçün əsas istinad mənbəyi olacağına əminliyini ifadə edən Xanlar Vəliyev, müəllifin bu monoqrafiyada Prezident İlham Əliyev tərəfindən İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi və Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması məsələsi ilə bağlı səsləndirilən fikirlərin tarixi həqiqət olduğunu dövrün arxiv sənədləri əsasında sübuta yetirdiyini və elmi cəhətdən əsaslandırdığını da xüsusi olaraq vurğuladı.


Daha sonra çıxış edən Milli Məclisin deputatı, professor Anar İsgəndərli, AMEA-nın Tarix və Etnologiya İnsstitutunun Azərbaycan Respublikası tarixi şöbəsinin müdiri professor Mais Əmrahov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, Türkiyə Cümhuriyyəti Sakarya Universitetinin professoru Enis Şahin və digər natiqlər Vasif Qafarovun bu kitabda bütün tarixi olayları Osmanlı arxiv sənədlərinin dili ilə açıqladığını, geniş və məhsuldar təhlillər aparıb tarixi həqiqətləri tam çılpaqlığı ilə üzə çıxardığını və gəldiyi nəticələri elmi cəhətdən tam əsaslandırdığını xüsusi olaraq vurğuladılar.

Daha sonra kitabın müəllifi, tarix elmləri doktoru Vasif Qafarov bu əsərin yazılmasında qarşısına qoyduğu məqsədin Batum konfransında (11 may - 4 iyun 1918-ci il) erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələri və qəbul edilən qərarları dövrün ilkin arxiv sənədləri əsasında detallı şəkildə araşdırıb Qərbi Azərbaycan ərazisində erməni dövlətinin hansı şərtlər əsasında yaradılması ilə bağlı tarixi həqiqətləri üzə çıxarmaqdan ibarət olduğunu qeyd etdi. Kitabda yer alan hər bir fikir və mülahizənin arxasında konkret olaraq arxiv sənədlərinin dayandığını xüsusi olaraq vurğulayan müəllif, kitabda irəli sürdüyü elmi müddəaları tam əsaslandırdığını və bu məsələdə istənilən müzakirəyə hazır olduğunu açıqladı.

Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər və yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.


Geri qayıt