Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclisin sədri: Çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının rolu var
Milli Məclisin sədri: Çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının rolu var6-06-2024, 19:14 |
Qardaş ölkələr arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda olduqca uğurla inkişaf edir. Şəffaflıq.az-ın görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü plenar iclasında deyib. Spiker qeyd edib ki, çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar, beynəlxalq aləmdə birgə fəaliyyət və qarşılıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir. Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrini xatırladan Sahibə Qafarova deyib ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalmaqda davam edəcək. O, məmnunluqla bildirib ki, yüksək səviyyəli işbirliyi parlamentlərimiz arasında da müşahidə olunmaqdadır. Spikerin sözlərinə görə, 12-ci plenar iclasdan ötən dövr parlament sədrləri, dostluq qrupları və komitələr səviyyəsində qarşılıqlı səfərlər, müntəzəm görüşlər, müxtəlif beynəlxalq platformalarda birgə iştirakla yadda qalıb. Bütün bunlar isə ölkələrimizin birliyi və həmrəyliyinin daha da güclənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına imkan yaradır. Ölkələr arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir. Gün keçdikcə təşkilatlarımızın hər birinin fəaliyyəti daha da güclənir və əhəmiyyəti daha da artır. Bu isə, əlbəttə ki, bizim ümumi işimizə olduqca böyük fayda verir. Spiker, bu təşkilatların ölkələrimizin çoxtərəfli fəaliyyətinin mərkəzinə qoyulmasının, onların daha da güclənməsi üçün bütün zəruri addımların atılmasının vacibliyini diqqətə çatdırıb. Geri qayıt |