Əsas Səhifə > Hadisə > İmişlidə ağır cinayətin üstü açılıb, atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutulub

İmişlidə ağır cinayətin üstü açılıb, atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutulub


27-05-2024, 13:12


2024-cü ilin yanvar ayında İmişli rayonunda baş vermiş xüsusilə ağır cinayətin üstü açılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

"Cinayət işi üzrə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək. Bağlı qalmış cinayət işlərinin açılması daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.


Geri qayıt