Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanda respondentlərin yarıdan çoxu atalıq məzuniyyəti hüququna müsbət yanaşır - HESABAT

Azərbaycanda respondentlərin yarıdan çoxu atalıq məzuniyyəti hüququna müsbət yanaşır - HESABAT


15-05-2024, 10:56


Azərbaycanda respondentlərin yarıdan çoxu atalıq məzuniyyəti hüququna müsbət yanaşır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik-hesabatda qeyd olunub.

Bildirilib ki, respondentlərin 57,5%-i bu məsələyə müsbət yanaşır.

Həmçinin, respondentlətin atalıq məzuniyyətinə 19,1%-i mənfi, 18,3%-i neytral yanaşıb, 5,2%-i isə fikir bildirməkdə çətinlik çəkib. Demoqrafik qruplara görə bölgüyə əsasən müsbət yanaşanlar daha çox kişilər (60,2%), subay (60,0%) və boşanmış respondentlər (60,8%), 18-25 yaşlılar (78,4%), texniki-peşə təhsillilər (60,8%), qəsəbə tipli yaşayış yerlərindən olan respondentlər (60,0%), övlad amilinə görə bölgüyə əsasən isə bir övladı olan respondentlərdir (72,5%).

Hesabata əsasən, Azərbaycanda atalıq məzuniyyətinə mənfi yanaşanların əsas arqumentləri də məlum olub. Qeyd edilib ki, atalıq məzuniyyətinə mənfi yanaşanların 39,2%-i uşağa baxmağın qadın işi olduğunu, 33,8%-i atalıq məzuniyyətinin ailənin maddi vəziyyətinə ziyan gətirə biləcəyini, 21,6%-i isə ataların körpə uşağa lazım olan qayğını göstərə bilməməsini səbəb hesab edir. Ailənin maddi vəziyyətinə mümkün ziyanı səbəb kimi göstərənlər daha çox kişi respondentlər (37,1%), uşağa baxmağı qadın işi hesab edənlər və atanın körpəyə lazımi şəkildə baxa bilməyəcəyini düşünənlər qadın respondentlər (41,0% və 23,1%) qrupunda yer alıb. Yaş qrupları arasında atalıq məzuniyyətinin ailənin maddi vəziyyətinə ziyan gətirəcəyini daha çox 18-25 yaşlılar (66,7%), ən az 56-65 yaşlılar (9,1%) seçib. Elə bu qrup, yəni 56-65 yaşlı respondentlər uşağa baxmağı qadın işi hesab edənlərin (50,0%) çoxluq təşkil etdiyi yaş qrupudur. Belə düşünənlər ən az 36-45 yaşlılar arasındadır (20,0%). Uşağa baxmağı qadın işi hesab edənlər daha çox texniki-peşə təhsillilər (50,0%), ən az ali təhsillilər arasındadır (26,1%). Orta təhsillilər arasında isə bu göstərici 42,1%-dir. Ailənin maddi vəziyyətini arqument kimi seçənlər isə daha çox ali təhsillilər (43,5%) arasında, ən az texniki-peşə təhsillilər arasındadır (25,0%). Orta təhsillilərin analoji cavab göstəricisi 31,6%-dir.

Atanın körpəyə lazım olan qayğını göstərə bilmək iqtidarında olmaması cavabı digər iki cavaba nisbətən daha az popuyardır və nəticələri aşağıdakı kimidir: orta təhsillilərin 23,7%-i, texniki-peşə təhsillilərin 16,7%-i, ali təhsillilərin isə 21,7%-i bu cavabı seçmişdir. Kənd yerlərindən olan respondentlərin ən çox seçdikləri arqument uşağa baxmağın qadın işi olmasıdır (35,0%), şəhər yerində isə analoji cavab ən çox seçilən variantdır (41,3%).


Geri qayıt