Əsas Səhifə > Gündəm > “Təhlükəli qəndlərin satışı hələ də davam edir” - Eyyub Hüseynov - VİDEO

“Təhlükəli qəndlərin satışı hələ də davam edir” - Eyyub Hüseynov - VİDEO


29-11-2019, 16:01
 Bir müddət əvvəl tərkibində kəllə qənd istehsalında istifadəsinə yol verilməyən 79 kq toz halında ağardıcı kimyəvi maddə aşkar olundu. Araşdırmalar zamanı müəyyən edildi ki, həmin maddə İrandan ölkəmizə gətirilərək, müxtəlif qənd istehsalı sexlərinə satılıb.
Şəffaflıq.az xəbər verir ki, bundan sonra AQTA-nın müvafiq qərarı ilə bır sıra şirkətlərə məxsus qənd partiyalarının satış üçün dövriyyəyə çıxarılmasının qarşısı alındı. Amma hazırda həmin əmtəə nişanlarına məxsus məhsulların satışda olması bəzi istehlakçılarda çaşqınlıq yaradır.
Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Eyyub Hüsenov – AİB sədri: “Əgər təhlükəli mal istehsal olunursa, kəllə qəndin istehsalında ağardıcı olaraq, paltarlar üçün istifadə olunan təhlükəli kimyəvi maddə istifadə olunursa, əlbəttə o cür sex bağlanmaldır. Yeni avadanlıq gəlməlidir. Biz bu gün aldığımız qənd bir çox yerlərdə satılır. 14 oktyabrda istehsal olunmuş məhsulla bağlı elan verilirsə ki, bunlar yığışdırılıb satışdan, nə üçün satışdadır? Yəni bu təhlükəli qəndlərin satışı hələ də davam edir”.

Məsələyə sözügedən əmtəə nişanlı qəndlərin sifarişçisi olan şirkətin piar və marketinq kommunikasiyalar şöbəsinin müdiri Aynur Musayeva aydınlıq gətirdi. Onun sözlərinə görə, bu o zaman istehsalçıdan qaynaqlanan problem olub. Qənd istehsalında saxtakarlıq aşkarlandıqdan sonra həmin istehsalçı ilə əməkdaşlıq müqaviləsinə xitam verilib və problemli məhsullar vitrinlərdən yığışdırılıb.

Aynur Musayeva – Şöbə müdiri: “Ondan sonra isə yeni əməkdaşlıq etdiyimiz şirkət tam sağlamlıq üçün təhlükəsiz məhsulllar istehsal edir. Və istehsal olunan bütün partiya məhsullar keyfiyyətə nəzarət departamenti tərəfindən yüksək səviyəli labaratoriyalarda nəzarətdən keçirilərək, satışa çıxarılır”.

Qida Təhlükəsizliyi Agentliyinin Qida Zəncirinə Nəzarət və Regional Şöbələrlə İş şöbəsinin müdiri Əkbər Əliyev deyir ki, aparılan yoxlamalar zamanı insan həyatı üçün təhlükəli amillər aşkar olunursa, həmin məhsulların ticarət şəbəkəsindən yığılması ilə bağlı istehsalçı və idxalçı müəssisələrə göstərişlər verilir.

Əkbər Əliyev – AQTA-nın şöbə müdiri: “Bununla bağlı həmin məhsul partiyası geri çağırılır. Həmin normalara uyğunlaşdırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilir. Həmçinin əgər insan istehlakı üçün nəzərdə tutulmayan qatqılardısa, istifadə olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tədqiqi barədə qərar çıxarılır”.

Xatırladaq ki, bir müddət əvvəl şor-pendir istehsalı ilə məşğul olan tanınmış brendə məxsus şirkətin adı ilə süd məhsulları istehsal edən sex də aşkarlanmışdı. Yoxlamalar zamanı sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi müəyyən edilib. Həmin brendə məxsus məhsulların, daha dəqiq desək, şor-pendirin bazar və marketlərdə satışında isə heç bir problem yoxdur.


Geri qayıt