Əsas Səhifə > MALİYYƏ > Hava ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

Hava ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb


6-05-2024, 16:31


Son üç gündə Azərbaycanda təsərrüfatlara zərər dəyməsi ilə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 7 rayon üzrə 20 müraciət daxil olub.

Şəffaflıq.az Fonda istinadən xəbər verir ki, müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba və Qusar rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən edilib.

İlkin məlumata görə, kəskin hava şəraiti, güclü yağış, dolu və qar yağıntıları qeyd olunan rayonlarda ayrı-ayrı təsərrüfatlar üzrə arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub.

Fermerlərin müraciətləri əsasında bölgələrə ekspertlərin ezam olunması nəzərdə tutulur. Ekspertlər sığortalanmış təsərrüfatlara dəyən zərəri yerində aktlaşdıraraq Aqrar Sığorta Fonduna təqdim edəcəklər.

Fond fermerləri hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin təsirindən qorunmaq üçün təsərrüfatlarını sığortalamağa çağırır.

Xatırladaq ki, bu ilin ilk rübü ərzində Aqrar Sığorta Fondu tərəfindən fermerlərə dolu hadisələri üzrə 503 min manat, sel-subasmaya görə isə 101 min manat sığorta ödənişi edilib.


Geri qayıt