Əsas Səhifə > SİYASƏT > Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır

Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır


1-05-2024, 09:31


Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq.

Şəffaflıq.az-ın məlumatına görə, tədbir 1-3 may tarixlərində keçiriləcək.

Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.

Forumda 100-dən çox ölkəni təmsil edən 700 qonaq iştirak edəcək. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcəklər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Üç gün ərzində panellərdə “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət”, “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq”, “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi”, “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət”, “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu”, “Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar”, “Süni intellekt – təhdid, yoxsa imkan?”, “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru”, “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzularında müzakirələr aparılacaq.

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur.


Geri qayıt