Əsas Səhifə > SİYASƏT > Allahşükür Paşazadə Mitropolit Antonini qəbul edib
Allahşükür Paşazadə Mitropolit Antonini qəbul edib30-04-2024, 13:08 |
Aprelin 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək Dini Liderlərin Bakı Görüşündə iştirak etmək üçün ölkəmizə gələn Rus Pravoslav Kilsəsinin Xarici kilsələrarası əlaqələr şöbəsinin sədri, Patriarx Kirilin vikarisi Mitropolit Antoniy ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul edib Foruma qatılmağa razılıq verdiyi üçün Mitropolit Antoniyə minnətdarlığını bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu aktual problemlərin müzakirəsi üçün ciddi platforma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Forum çərçivəsində QMİ-nin təşkilatçılığı ilə həm Bakıda, həm də Şuşada tədbirlər keçiriləcək, 40-dan çox ölkəni təmsil edən dini liderlər və tanınmış ictimai xadimlər dinlərarası dialoq vasitəsi ilə etimadın möhkəmləndirilməsi, eləcə də digər məsələlər ətrafında müzakirələr aparacaqlar. QMİ ilə Rus Pravoslav Kilsəsi arasında faydalı əməkdaşlığa və qarşılıqlı etimada söykənən əlaqələrin olduğunu diqqətə çatdıran Şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kiril həzrətlərinin bu münasibətlərin inkişafına böyük töhfələr verdiyini xüsusi vurğulayıb. 30 ilə yaxın müddətdə davam edən Ermənistan-Azərbaycan münaqişəsinin dini zəminə keçməməsi üçün Patriarx Kirilin gördüyü işləri, vasitəçilik missiyasını yüksək qiymətləndirib. Salam-dualarını və ən xoş arzularını əziz dostuna çatdırmağı qonaqdan xahiş edib. Rus Pravoslav Kilsəsinin Xarici kilsələrarası əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy dəvətə və xoş qarşılanmaya görə təşəkkürünü bildirib, Patriarx Kirilin salamlarını Şeyxülislam həzrətlərinə çatdırmaqdan məmnunluq duyduğunu vurğulayıb. Forumun işinə uğurlar arzulayan qonaq faydalı müzakirələrin və müsbət nəticələrin əldə olunacağına əminliyini qeyd edib. Söhbət zamanı iki dini mərkəz arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafına fikir mübadiləsi aparılıb. Geri qayıt |