Əsas Səhifə > Hadisə > MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik


22-04-2024, 11:57


Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Şəffaflıq.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Ülvi Ziyadzadə bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 100 min 814 manat mənimsəmə olub. Onun sözlərinə görə, pulları icazəsiz 5-6 nəfərin adına olan bank kartlarına köçürsə də, həmin şəxslərin o pullardan xəbərləri olmayıb:

“İşlədiyim müddətdə 3 dəfə təftiş olmuşdu. Yoxlamaya Azər Məmmədov, Rüfət Quliyev və Nurlan gəlmişdi. Təftiş zamanı aşkarlanan çatışmayan məbləğin 60-70 faizini onlara verirdik. Mənə cəmi 18 min 314 manat pul qalıb. Onu da büdcəyə qaytaracam”.

Təftiş vaxtı MN-in Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləmiş Əliyar Səfərəliyev deyib ki, bu vəzifəyə onu 2013-cü ildə MN-in Maddi Texniki Təminat (MTT) Baş İdarəsindən təyin ediblər:

“Əkdiyim məhsullar əldə qalıb yanırdı, ona görə də pul verirdim. Nazirlik ilə Maştağada Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləyən Zahid danışır, pul məsələlərini o həll edirdi. Müdafiə Nazirliyinə satdığımız məhsuldan aldığımız pulun 3 faizini idarəyə, Akif Umudova qaytarırdıq. Məhsulu təhvil verəndən 15-20 gün sonra pulunu alırdıq. Bəzən gecikdirirdilər, biz də pulun vaxtında ödənilməsi üçün məbləğin 3 faizini Akif Umudova verirdik”.

Şahid Ə.Səfərəliyev istintaqda ifadəsində isə bildirib ki, hər dəfə məhsulun satışından aldığı pulun 3 faizinin Nizami Məmmədova çatdırılması üçün Akif Umudova verib. Ümumilikdə MTT-yə 108 min manat pul qaytarıb.

Müttəhim Nizami Məmmədov etiraz edərək bildirib ki, satınalma ilə bağlı istintaqda üzləşmə olmayıb, bu məsələni ittiham aktını oxuyanda bilib.

“Satınalma ilə bağlı Mahir Şirvanov, Məlikməmməd Qurbanov və Akif Umudovla görüşmüşəm. Kənd Təsərrüfatı Müəssisələri MTT-nin tabeliyində olub. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi heç bir təşkilatla müqavilə bağlamayıb. Bunların satınalma ilə bağlı ifadələri şablondur. Bunların dediyi 3 faizin bizə aidiyyəti yoxdur”, - N.Məmmədov bildirib.

Şahid Rəşad Əhmədovun sözlərinə görə, direktor müavini olduğu mətbəx avadanlıqlarının təmiri ilə məşğul olan şirkət Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi ilə müqavilə bağlayıb və hərbi hissələrin mətbəxində təmir işləri həyata keçirib.

“Mətbəx avadanlıqlarının təmiri çətin iş olduğu üçün onu hər şirkət üzərinə götürmürdü. Müqavilə əsasında hərbi hissələrin mətbəxlərində xarab olmuş avadanlıqları təmir edirdik. Pulun gecikdirilməməsi üçün hər dəfə Akif Umudova 3 faiz “otkat” verirdik”, - R.Əhmədov deyib.
İclasda şahid qismində ifadə verən “Bakıxanov Trikotaj” ASC-nin direktoru İxtiyar Rəsulov deyib ki, işlədiyi müəssisə Müdafiə Nazirliyinin sifarişi ilə geyim istehsal edib. Bu məsələ ilə bağlı nazirliyin MTT idarəsi ilə müəssisənin əvvəlki mühasibi əlaqədə olub. Həmin şəxs vəfat edib.
“Pulumuzu gecikdirimişdilər, ala bilmirdik. Mən məcbur olub nazirliyin əməkdaşı Akif Umudovla əlaqə saxladım. İşçilərin maaşını verə bilmədiyimizi deyərək təhvil verilən sifarişlərin pulunun ödənilməsini istədim. Nazirlik ilə 2015-2022-ci illərdə 6 milyon 822 min manatlıq müqaviləmiz olub”, - şahid deyib.

İ.Rəsulov istintaqa verdiyi ifadəsində yerinə yetirdikləri sifarişlərin pulunun vaxtında çatdırılması üçün Akif Umudova 26 min manat “otkat” verdiyini bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Geri qayıt