Əsas Səhifə > Redaktor seçimi > Mehdi Hüseynzadənin ölümü filmdəki kimi olmayıb - Araşdırmaçı alimdən MARAQLI FAKTLAR - FOTO

Mehdi Hüseynzadənin ölümü filmdəki kimi olmayıb - Araşdırmaçı alimdən MARAQLI FAKTLAR - FOTO


21-12-2018, 20:42
 Prezident İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi dövlət səviyyəsində qeyd edilir.
26 yaşında həlak olan, "Mixaylo" kimi tanınan kəşfiyyatçı M.Hüseynzadə ilə bağlı təkcə Azərbaycanda deyil, Rusiya, Almaniya, İtaliya arxivlərində də qiymətli sənədlər qorunub saxlanılır.
Ötən 4 il ərzində həmin arxivlərdə tədqiqatlar apararaq M.Hüseynzadə ilə bağlı məlumatlar əldə edən və bu araşdırmalarına davam edən sosioloq, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov əldə etdiyi faktları Trend-ə açıqlayıb.
Alimin sözlərinə görə, aşkar edilmiş sənədlərin hər biri M.Hüseynzadənin çox istedadlı, yüksək intellektə malik, cəsarətli, eyni zamanda nəzakətli insan olduğunu bir daha təsdiqləyir:
"Mixaylo adi partizan olmayıb, o, xüsusi kəşfiyyat-diversiya qrupunun başçısı olub. Bu qrupu o özü yaradıb. Mehdi alman, fransız, italyan dillərində sərbəst danışa bilib. Çox yüksək istedada və intellektə malik Mehdi sloven dilini və bu ölkənin folklorunu da öyrənməyə başlayıb. Hətta müharibə vaxtı həm rəssamlıqla, həm də dilçiliklə məşğul olub. Mehdi Hüseynzadə kəşfiyyat zamanı rəssamlıq bacarığından və dil biliklərindən istifadə edərək özünü həm italiyalı hərbçi, həm rəssam, həm də sloveniyalı kəndli kimi təqdim edib. Mehdinin yüksək intellektə malik olduğunu almanlar da həmişə vurğulayıblar".
Bəzi əməliyyatlar yanlış olaraq Mehdi Hüseynzadəyə aid edilir
İ.Abbasov qeyd edib ki, M.Hüseynzadənin apardığı əməliyyatlar çox olsa da, onların hamısı tam araşdırılmayıb.
Araşdırmaçının sözlərinə görə, Sovet İttifaqı Qəhrəmanının yaratdığı qrupun gördüyü işlərin əksəriyyəti onun əsirlikdən qaçarkən qoşulduğu ilk briqadanın - 800 nəfərdən ibarət "Birinci zərbə rus briqadası"nın adına yazılıb.
O, M.Hüseynzadənin apardığı əməliyyatlarla bağlı bəzi yanlış məlumatlara da aydınlıq gətirib: "Mənbələrin çoxunda Mehdinin Udine şəhərində həbsxanaya basqın etdiyi və orada 700 nəfəri xilas etməsi barədə məlumatlar var. Bu əməliyyat 7 fevral 1945-ci ildə həyata keçirilib. O zaman Mehdi artıq həlak olmuşdu. Əməliyyata başqa bir azərbaycanlı - Əli Babayev başçılıq edib. Bundan başqa, onun iki təyyarə ilə aerodrom partlatdığı da deyilir. Mən Sloveniyanın və İtaliyanın arxivlərində olmuşam, bu barədə məlumat tapmamışam. Ona görə də bu məlumatın Mehdi ilə bağlı olması barədə deyilənlər hələ ki əsassızdır".
Alim bildirib ki, sənədlərə əsasən M.Hüseynzadə 20-dən çox əməliyyat keçirib, bir neçəsi isə xüsusilə mühüm strateji əhəmiyyətə malik olub. Belə əməliyyatlar zamanı o, Triest şəhərində kinoteatrı, Karlo Geqa küçəsində "Əsgər evi" adlı alman restoranını, "İl Pikkolo" qəzetinin redaksiyasını partladıb və Pistoya qəsəbəsində dəmir yolu stansiyası məntəqəsində güclü partlayış (həmin partlayışa görə dəmir yolu iki həftə bağlı olub - İ.A.) törədib.
 Araşdırmaçı əlavə edib ki, Mehdinin Triest şəhərində kinoteatrı partlatdıqdan iki gün sonra yazdığı şeiri də maraq doğurur: "Onunla bağlı yeni aşkar edilən sənədlərdən biri 1944-cü il aprelin 4-də yazdığı "İtaliyada başladım" adlı şeirdir. Bu şeiri yazmamışdan iki gün əvvəl İtaliyanın Triest şəhərində kinoteatrı partladıb. Həmin partlayışdan sonra onu hər yerdə axtarıblar, amma Mehdi bu şeiri Pula şəhərində yazıb".
Mehdi özünü sonuncu gülləsi ilə ürəyindən vuraraq öldürüb
Alimin sözlərinə görə, M.Hüseynzadə onun həyatından bəhs edən "Uzaq sahillər"də filmində göstərildiyi kimi partlayışda həlak olmayıb.
M.Hüseynzadənin ölümü ilə bağlı bir neçə fərziyyə səsləndiyini deyən İ.Abbasov bildirib ki, o, planlaşdırılmış döyüş əməliyyatı zamanı həlak olmayıb.
Həmin vəziyyəti faktlar əsasında təsvir edən İ.Abbasov deyib ki, alman əsgərləri ərzağa görə Vitovle kəndinə gəldikdə M.Hüseynzadə də həmin kənddə öz yoldaşları ilə birlikdə birgünlük dincəlirmiş: "Lakin partizanlar hərbçilərin onlara görə gəldiyini düşünüblər və atışma başlayıb. Döyüşdə qrupdakı 8 nəfərdən 4-ü iştirak edib. O zaman bir nəfər həlak olub, iki nəfər əsir götürülüb, Mehdi isə ağır yaralanıb. Həmin əsirlərdən biri olan Adam Zorn 1950-ci illərdə Mehdinin iştirak etdiyi döyüş haqqında yazıb".
İ.Abbasov qeyd edib ki, M.Hüseynzadə Vitovle kəndində faşistlərlə apardığı döyüşdə 8 güllə yarası alıb. Bu döyüşdən sonra hətta 1 gün sağ qalıb: "Mehdi döyüşdən 1 gün sonra özünü sonuncu gülləsi ilə ürəyindən vuraraq öldürüb. Beləliklə, dəfn edilərkən onun bədənində 8 deyil, 9 güllə yarası olub. Mehdi ilə şəxsən tanış olan, 1930-cu il təvəllüdlü İvan Başin də bunu açıqlayıb".
Alimin sözlərinə görə, Mehdinin ölümündə satqınlıq amilinin olması iddiası sənədlərdə öz əksini tapmayıb: "Almanlar Mehdinin başına 500 min reyxsmarka qoymuşdular. 1944-cü ildə bu pulla 50 "Mercedes-Benz" almaq olardı. Amma yerli sakinlər onu satmayıblar. Sənədlərdə də bu pulun kiməsə verilməsi barədə məlumatlar yoxdur".
Mehdinin meyiti oğurlanıb
İ.Abbasov Trend-ə deyib ki, M.Hüseynzadəni kəndlilər həlak olduğu ərazidə - Vitovle kəndində dəfn ediblər, lakin sonradan onun meyiti oğurlanıb və başqa ərazidə dəfn edilib:
"Mehdinin dostu olan Cavad Həkimlinin sözlərinə görə, almanlar Vitovle kəndində Mehdinin dəfn olunduğu əraziyə gözətçi qoyublar ki, heç kim onun məzarını ziyarət etməsin. Dəfndən iki həftə sonra Mehdinin yoldaşları gecə gözətçini öldürüb, meyiti oradan oğurlayıblar və həmin vaxt partizanların nəzarətində olan Çepovan kəndində (müharibə vaxtı İtaliyanın, hazırda isə Sloveniyanın kəndi - İ.A.) müsəlman qayda-qanunlarına uyğun şəkildə dəfn ediblər. Bu əməliyyata başçılıq edən isə Mehdinin yaxın dostu olmuş Şamil Hüryanov (partizanlar arasında Bayramov) 1945-ci il martın ortalarında həlak olub".
Mehdinin ikinci dəfn mərasiminin çox təmtəraqlı keçdiyini deyən alimin sözlərinə görə, həmin tarix hələ dəqiq müəyyən edilməyib: "Bəziləri Mehdinin ikinci dəfə noyabrın 16-da, bəziləri isə noyabrın 17-20-si aralığında dəfn edildiyini yazırlar. Mərasimdə iştirak edənlər həmin gün güclü yağış yağdığını desə də, dəfnin konkret hansı gündə olduğunu müəyyən etmək mümkün olmayıb".
İ.Abbasov qeyd edib ki, SSRİ-nin xüsusi xidmət orqanları M.Hüseynzadə ilə bağlı araşdırmalara 1951-ci ildən başlayıblar, yalnız 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adını verməyi qərara alıblar.
Alim əlavə edib ki, Mehdi həlak olduqdan sonra onun Sloveniyada vuruşduğu Sloven Sahilyanı 9-cu korpusu tərəfindən Yuqoslaviya dövlətinin başçısı İosip Broz Titoya şifroqram göndərilib və xahiş olunub ki, M.Hüseynzadəyə Yuqoslaviyanın Xalq Qəhrəmanı adı verilsin, amma hansısa səbəbdən bu müraciət cavabsız qalıb.
Araşdırmaçı bildirib ki, Yuqoslaviyada döyüşən 8000-ə yaxın partizan arasında yalnız M.Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adını alıb: "İtaliyada döyüşənlər arasında isə bu adı alan ilk şəxs olub, ondan sonra daha iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb".
 ŞƏFFAFLIQ.AZ

Geri qayıt