Əsas Səhifə > Cəmiyyət > “Ümid edirəm ki, bu islahatlar, aşkarlıq bizim məhkəmələrə də gələcək” - Cahangir Hacıyev

“Ümid edirəm ki, bu islahatlar, aşkarlıq bizim məhkəmələrə də gələcək” - Cahangir Hacıyev


26-11-2019, 12:10

 

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev deyir ki, haqqında iki dəfə cinayət işi başlayıb, çoxsaylı məhkəmələri keçirilib, amma onun bankın pullarını mənimsəməsini təsdiqləyən bircə sübut da ortaya qoyulmayıb. Bu barədə o, noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində danışıb.

Şəffaflıq.az "azadliq.org"-a istinadla xəbər verir ki, bu məhkəmədə C.Hacıyevin və onunla birlikdə Beynəlxalq Bank işinə görə cəzalandırılmış sabiq deputat Dünyamin Xəlilovun haqqındakı hökmdən verdikləri şikayətə baxılır. «Birinci instansiya məhkəməsində xahiş elədik ki, mənim və ya başqa təqsirləndirilən şəxslərin bankın vəsaitlərini mənimsəməsi barədə bircə fakt, 365-cildlik cinayət işində bircə səhifə göstərsinlər. Eləyə bilmədilər, çünki belə fakt yoxdur. Ancaq ümumi cümlələrdir. Hökmdə yazıblar ki, «kifayət qədər sübuta yetirilib». O sübutu göstərin də...», – C.Hacıyev belə deyib.

Onun sözlərinə görə, Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə bank mənfəətlə işləyib. Deyir ki, 2014-cü ili bank 40 milyon manat xalis mənfəətlə başa vurmuşdu. Amma 2015-ci ilin martında öz ərizəsi ilə İdarə Heyətinin sədri vəzifəsindən gedəndən sonra bank 2015-ci ili 800 milyon, 2016-cı ili isə 1.9 milyard manat zərərlə başa vurub: «İndi deyin, israfçılıq mənim vaxtımda olub, yoxsa bunların vaxtında?»
.Hacıyev bildirir ki, ona qarşı qaldırılmış 4.7 milyard manatlıq mülki iddia da cəfəngiyatdır. Fikrini də belə əsaslandırır: «Heç o vaxt ölkənin bu qədər likvid valyuta ehtiyatı yox idi». 

Sabiq bankir Beynəlxalq Bankdan götürülmüş kreditlər hesabına yaradılan müəssisələrin alındığını, bununla belə, həmin kreditlərin yenə də onlardan tələb olunduğunu vurğulayır: «Harada görünüb ki, aktivləri başqasına verəsən, passivləri başqasından tələb edəsən? Bankın vəsaiti hesabına yaradılan layihələri alıblar, indi də ona sərf olunan vəsaitləri bizdən tələb edirlər. Bir müddət əvvəl «Aqrarkredit» QSC-nin (bu qurum 2015-ci ilin yayında Beynəlxalq Bankın problemli kreditlərinin həlli məqsədilə yaradılıb-red.) rəhbəri açıqlama verdi ki, Beynəlxalq Bankın problemli kreditlərindən 3.2 milyard manat ödənilib. Ödənilmiş pulları indi yenidən bizdən niyə tələb edirsiz?» 

C.Hacıyev çıxışının sonunda ölkədəki islahatlar mövzusuna da toxunub. «Ölkədə dövlət səviyyəsində islahatlar, aşkarlıq başlayıb. Ümid edirəm ki, bu islahatlar, aşkarlıq bizim məhkəmələrə də gələcək», – sabiq bank rəhbəri belə deyib.

Keçmiş deputat D.Xəlilov məhkəmədən bəraət istəyib. Deyib ki, nə bankın pullarını mənimsəyib, nə də belə bir niyyəti olub. O, bildirib ki, cinayət işi başlananda Bakıda yox, işlə əlaqədar Türkiyədə səfərdə idi: «Cinayət törətsəydim, heç Azərbaycana qayıtmazdım. İttihamda göstərilən rəqəmlər kifayət edərdi ki, xaricdə ürəyim istədiyi kimi yaşayım. Ancaq mən qayıtdım, sənədləri təqdim etdim, istintaqla əməkdaşlıq etdim. Buna baxmayaraq, 2015-ci il dekabrın 29-da həbs olundum». 

C.Hacıyevin vəkilləri təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və «Aqrarkredit» QSC-yə sorğu göndərilib, qaytarılan vəsaitlər, müəssisələr barədə məlumatların alınıb araşdırılması barədə vəsatətlər qaldırıblar.

Vəkil Nemət Kərimli deyir ki, Beynəlxalq Bankla bağlı cinayət işinin materiallarında da, məhkəmə hökmündə də çoxsaylı və kobud ziddiyyətlər var və onlar mütləq araşdırılmalıdır: «Bunları araşdırıb, dəqiq rəqəmləri ortaya çıxarmadan qərar çıxarmaq olmaz». 

Digər vəkil Fəxrəddin Mehdiyev «Aqrarkredit» QSC-nin rəhbəri Məmməd Musayevin problemli kreditlərdən 3.2 milyardın ödənilməsi barədə mediaya açıqlamasını yada salıb: «Bu müəssisələr işləyib gəlir gətirirsə, onların qurulmasıüçün götürülmüş kreditlər gətirdikləri gəlirin hesabına ödənilə bilər. Yaxud o müəssisələr satılıb, krediti bağlaya bilərlər. Sorğu verilsin ki, nə qədər aktiv verilib, o aktivlərlə bağlı hansı addımlar atılıb...»

Ancaq Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib.

Dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsində C.Hacıyevin işi üzrə növbəti dəfə prokuror çıxış edəcək. Xatırladaq ki, Beynəlxalq Bankın keçmiş rəhbəri, bundan öncə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyev sentyabrın 5-də əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib. 2015-ci il dekabrın 4-dən həbsdə olan C.Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib. Prokuror bu işdə C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.
Geri qayıt