Əsas Səhifə > MANŞET > Yevlaxda iqlim dəyişikliyi ilə bağlı respublika müşavirəsi keçiriləcək

Yevlaxda iqlim dəyişikliyi ilə bağlı respublika müşavirəsi keçiriləcək


17-04-2024, 11:51


Aprelin 27-də Yevlaxda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçiriləcək.

Şəffaflıq.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müşavirənin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatıları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsidir.

Müşavirədə kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdiriləcək, müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılacaq.

Respublika müşavirəsində nazirliyin rəhbərliyinin və müvafiq dövlət qurumlarının, iri fermer təsərrüfatlarının və aqroparkların, təchizatçı şirkətlərin nümayəndələrinin və fermerlərin iştirakı nəzərdə tutulur.


Geri qayıt