Əsas Səhifə > Hadisə > Külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinin ittiham olunduğu maddələrdən biri ləğv edilib
Külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinin ittiham olunduğu maddələrdən biri ləğv edilib8-04-2024, 13:28 |
Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Şəffaflıq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İş üzrə şahid qismində tanınan Ramiz İsmayılov ifadə verib. O, təqsirləndirilən şəxsin qardaşı olduğunu deyib: "2018-ci ildən teatrda işləyirəm. Özüm əlbəəl üç nəfərə maaş verirdim. Bir ilə yaxın Eldar Əliyevin, Hüseyn İsmayılovun 8-9 ay, Gülöyşə Qasımlının isə iki il maaşı mənim kartıma yatırılıb. Teatrda təqribən 35 işçi var ki, onlardan təxminən 15-nin kartı yox idi. İndinin özündə də eşitdiyimə görə xadimənin pulunu direktor özü verir". Teatrın indiki baş mühasibi Səfəralı Dəmirli ifadəsində ondan öncə kartlarla bağlı problemlər barədə eşitdiyini deyib: "Mən teatra 2022-ci ildə təyin edilmişəm. Mən gələndə mühasibatlıqla bağlı sənədlər də yox idi. Bu barədə direktora və Mədəniyyət Nazirliyinə xəbər verdim. Aytən xanımla birgə akt tərtib etdik. Eşitdiyimə görə, teatrın DSMF-yə borcu olduğuna görə kart problemi olub. 2023-cü ildən kart problemi həll edilib". Daha sonra dövlət ittihamçısı Orxan Səmədov təqsirləndirilən şəxsin üzərindən 308.2-ci maddəsinin (vəzifə səlahiyyətlərindən sui-istifadə) götürülməsi ilə bağlı məhkəməyə təklif verib. Hakimlər qısa müşavirədən sonra vəsatəti təmin edərək Aytən Kərimovanın üzərindən həmin maddənin götürülməsi ilə bağlı qərar çıxardıb. Qeyd edək ki, Aytən Kərimova 179.3.2 və 313-cü maddələr ilə ittiham olunur. Təqsirləndirilən şəxsin vəkili istintaqın yekunlaşmamasını, vəsatətləri olacağını deyib. Ona görə də növbəti məhkəmə prosesində prosesi bitirməyi təklif edib. Növbəti məhkəmə prosesi aprelin 15-nə təyin edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir. Geri qayıt |