Əsas Səhifə > ELM VƏ TƏHSİL > Heydər Əliyev adına Hərbi İnstituta sənəd qəbulu elan edilib
Heydər Əliyev adına Hərbi İnstituta sənəd qəbulu elan edilib6-04-2024, 10:48 |
Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-ci tədris ili üçün I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, əyani formada keçirilən tədris Azərbaycan dilində aparılır və təhsil müddəti 5 ildir. Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. İnstituta qəbul olmaq istəyən namizədlər aprelin 30-dək ərizə ilə aşağıdakı ünvanlara müraciət edə bilərlər: - Bakı şəhərində - Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Quba, Qəbələ, Qazax, Bərdə, Beyləqan, Cəlilabad, Lənkəran rayonlarının təhsil sektorlarında yaradılmış sənəd qəbulu mərkəzlərində; - Naxçıvan Muxtar Respublikasında - Heydər Əliyev adına Hərbi Liseydə yaradılmış sənəd qəbulu mərkəzində aparılır. Ərizəyə abituriyentin təsdiq olunmuş elektron ərizəsinin surəti,Anket forması (yerində doldurulur),oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə, tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış), doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış, nikah və uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (evli və uşaq olduqda), ailə tərkibi və yaşayış yeri haqqında arayış, rəngli fotoşəkil (baş geyimsiz, anfas), 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə, 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının razılıq ərizələri, elektrokardioqramma, qanın və sidiyin ümumi analizi, qan qrupu və rezus-faktor, qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara və Hepatit C və Hepatit B-yə dair müayinələrinin nəticələri, psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar tələb olunur. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir. Hərbi İnstituta qəbul aşağıdakı qaydada həyata keçirilir: - Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular), məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş, hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi həkim komissiyası tərəfindən institutda təhsil almağa yararsız hesab olunan və öyrənilmə tədbirləri keçirilən zaman Heydər Əliyev adına Hərbi İnstituta qəbula mane olan digər hallar müəyyən edilən şəxslər Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq üçün namizədlər siyahısına daxil edilmirlər. - Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir və onlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanları I, II və III ixtisas qruplarının fənləri üzrə keçirilir və imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunub. İmtiyazlar: - 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə; - 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd; - 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım; - 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş; - təhsil müddətində kursantların bütün təminat növləri ilə təmin olunması; - məzunlara hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinin verilməsi; Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə sənəd qəbulu mərkəzlərində bildiriləcək. Geri qayıt |