Əsas Səhifə > Mədəniyyət > Lətafət Beybutova: NOVRUZ XALQ BAYRAMIDIR

Lətafət Beybutova: NOVRUZ XALQ BAYRAMIDIR


23-03-2024, 00:20

Hər bir xalq özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı da özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq  xalqımızın  milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada  qeyd  olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan  bayramlarındandır.  

Yazılı ədəbiyyata əsaslanaraq, demək olar ki, Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir.  Baharın  ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Novruz bayramının tarixi kökləri çox qədim dövrlərə - Zərdüşt peyğəmbərin zəmanəsinə aiddir. Ən qədim yazılı  abidələrdə  göstərilir  ki, Novruz  bayramı  bizim eradan əvvəl 505-ci ildə yaranmışdır. İslam dini Novruz bayramına dini çalarlar gətirmişdir. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz kimi böyük mütəfəkkirlər dəlillərlə göstərirdilər ki, Novruz bayramı İslamdan çox-çox əvvəl yaranmışdır. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq Nizaminin "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini göstərmək olar. 

Odlar yurdu Azərbaycan atəşpərəstliklə bağlı zəngin ənənələrə malikdir. Bu baxımdan Novruz ruhun təmizlənməsi rəmzidir. Novruzdan əvvəlki axır çərşənbə ərəfəsində tonqallar yandırılır və yaşından, cinsindən  asılı  olmayaraq, hər  kəs bu bərəkətli odun  üstündən  yeddi  dəfə  tullanmalıdır. Novruz  tonqalının  üstünə  heç vaxt su tökmürlər. Tonqal özü  sönəndən  sonra   külünü  yığıb  evdən  uzağa  aparırlar. Bu o deməkdir  ki, bütün pisliklər  həmin  külə qarışaraq gedir. Su  ilə təmizlənmə suyun təmizləyici qüvvəyə malik olması barədə  təsəvvürlərlə  bağlıdır. Novruz günlərində arx üstündən tullanmaq ötən ildə edilmiş  günahları  yumaq deməkdir. 


Qədimdən yaranmış ənənələrə görə, həmin vaxtda Novruzun şərəfinə toplardan və tüfənglərdən  atəş açırlır və "Təzə il gəldi" deyərək, elə həmin anda şəhərin qala divarlarından musiqi sədaları eşidilir.  Novruzda süfrədə adları "S" hərfi ilə başlayan yeddi xörək, habelə sumax, sirkə, süd, səməni, səbzi və sair olmalıdır. Süfrəyə güzgü və şamlar, güzgünün qabağına boyanmış yumurtalar qoyulur.  Bütün  bunların hər birinin rəmzi mənası var: şam - insanları bədnəzərdən qoruyan od, işıq, güzgü isə aydınlıq deməkdir. Ənənəyə  görə, bayramın  birinci günündə hər kəs öz evində olmalıdır. Xalq içində deyərlər: "Əgər Novruzun birinci günündə öz evində olmasan, yeddi il evinə həsrət qalacaqsan". Keçmişdə Novruz bayramı günündə evin bayır qapısı, bir qayda olaraq, bağlanmırdı. Novruzun  birinci  günü  bütün gecə işıq yanır, çünki işığın sönməsi bədbəxtlik  əlamətidir.  Kəndlilər  Novruz  bayramını  qeyd edərkən yeni ilin quraqlıq, 

yoxsa  yağmurlu,  məhsuldar, yoxsa qıt olacağını müəyyən edirlər. Ənənəyə görə, Novruzun birinci günü bahar, ikinci günü yay, üçüncü günü payız və dördüncü günü qış hesab edilir. Əgər birinci gün hava küləksiz və aydın olsa, deməli, il məhsuldar olacaqdır. Novruz bayramında  göyərdilən  səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur. Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.

Novruz  Azərbaycan xalqının ənənəvi dəyərlərini  özündə əks etdirən, insanların çox sevdiyi, onlara şən ovqat bəxş edən  bayramdır.

Müəllif: Lətafət Beybutova Ələsgər qızı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri

 Şəffaflıq.az               


Geri qayıt