Əsas Səhifə > Cəmiyyət / Redaktor seçimi > QADIN HÜQUQLARI VƏ AZƏRBAYCANDA GENDER BƏRABƏRLIYI
QADIN HÜQUQLARI VƏ AZƏRBAYCANDA GENDER BƏRABƏRLIYI11-03-2024, 02:18 |
Gender bərabərliyi demokratik və sivil cəmiyyətin göstəricisidir. Çağdaş dövrdə aktual olan "gender bərabərliyi" mövzusu cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən biridir. Bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Azərbaycanda gender bərabərliyi, kişi və qadınların hüquqlarının müdafiəsi, qadınların inkişafı, onların səlahiyyətləndirilməsi, hər cür təzyiqdən müdafiə olunması, təhlükəsiz cəmiyyətdə yaşaması üçün siyasət yürüdülür. Sağlam ailə mühitinin formalaşması üçün ilk növbədə, cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması şərtdir. Dünyada və Azərbaycanda qadın hüquqlarının təmin edilməsində böyük irəliləyişlər əldə olunub və qadın müdafiəsi istiqamətində ardıcıl addımlar atılır. Çarizm dövründə savadsızlıq və fanatic ənənələr səbəbindən ictimai-siyasi həyatdan təcrid olunan Azərbaycan qadınları təhsil, siyasi, seçki kimi bir çox hüquqlardan məhrum edilmişdilər. Ucqarlarda isə vəziyyət daha acınacaqlı idi. Milli dilin və mədəniyyətin inkişafına hər cür maneələr yaradaraq təhsil rus dilində aparılır, zorla ruslaşdırma siyasəti yeridilirdi. Qadınların çətin həyat şəraiti bir çox ziyalıları, savadlı, maarifpərvər din xadimlərimizi narahat edir və bu vəziyyətdən çıxış yolu axtarmağa şalışırdılar. Azərbaycan tarixində messenatlığın atası sayılan öz cəsarəti, inadlı tələbi, millətsevərliyi, həm hakimiyyət dairələrində, həm də əhali arasında böyük nüfuz sahibi Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycanda qadın təhsilini həll edən böyük şəxsiyyətdir. Belə bir qadın məktəbinin açılması çox müqavimətə sinə gərməyi tələb edən iş idi. Bir tərəfdən, yerlərdə çar-rus hakimiyyətinin şovinizm fonunda mövcud idi, digər tərəfdən isə sırf müsəlman olan əhalinin ortodoksal mühitinin açıq-aşkar hücumuna qarşı mübarizə etmək lazım idi. O isə bu addımı ilə millətin qadın qisminin nüfuzunu qaldırmaq istəyirdi. H.Z.Tağıyev 4 may 1896-cı ildə o dövrün ictimai xadimi M.Şahtaxtinskiyə məktubunda yazmışdı: “Müsəlman qadınını olduğu qapalı həyatdan çıxartmaqdan ötrü yeganə bir yol var - yalnız məktəb; və bu məktəbi elə yaratmaq və elə qurmaq lazımdır ki, müsəlmanlar ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndəsinlər”. O, öz şəxsi maliyyəsi hesabına Azərbaycan qadını üçün ilk qızlar məktəbi yaratmışdır. O, bu məktəbin açılması üçün siyasi bir gediş etdi. Məktəbi II Nikolayın taxta çıxdığı günü qeyd etmək üçün açdığını bildirdi və məktəbə imperatriçə Aleksandra Fyodorovnanın adını verib, “Aleksandriyskaya” adlandırdı. Məktəbə Zaqafqaziyanın bütün bölgələrindən qızlar qəbul edilirdi. Sonralar “Aleksandra məktəbi” deyil, Tağıyevin qız məktəbi kimi tanındı. 1917-ci ildə Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanları qurultayında Məhəmməd Əmin Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirərək demişdir: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır” 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bu məsələ öz həllini tapmış oldu. Müsəlman Şərqində ilk respublika, ilk parlament, hüquqi dövlət, gömrük, hüquq-mühafizə orqanları, ordu quruculuğu və digər sahələrdə ilklərə imza atmış AXC-nin əsas dövlətçilik prinsiplərindən biri də irqindən, milliyətindən, dinindən, məzhəbindən və eyni zamanda cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi məsələsi olmuşdur. Beləliklə, bu hüquqi dövlətdə cinsiyyət fərqi aradan qaldırılaraq, bütün hüquqlar kimi qadın hüquqları da dövlət tərəfindən tanınmış və qorunmuşdur. Avropa və Amerika ölkəsindən xeyli əvvəl qadınlara seçki hüququnun verilməsi, qadınların təhsil və mədəni sahələrdə inkişafına xüsusi diqqət göstərilməsi və s. cümhuriyyətin qadınlara dair yürütdüyü siyasətin əsasını təşkil etmişdir. Qadına kişilərlə bərabər təhsil verməyin zəruriliyini diqqətə çatdıran H.Zərdabi yazırdı: “Osmanlı dövləti ki, qeyri-islam dövlətlərindən Avropa əhlinə yavuqdur, bu səbəblərə bir neçə ildir ki, nizami-külliyə qoyub, məktəbxanalar bina edib... ancaq ol məktəbxanalarda ancaq kişilər oxuyur, ünas tayfası elmdən bixəbərdir. Çünki tərbiyənin binası ana ilədir, uşaq 7-8 yaşına gəlincə, ona ana tərbiyət edir, ona binaən ünas tayfası tərbiyətsiz qaldığına görə Osmanlı dövlətinin kişilərə elm öyrətməyindən o qədər də nəf olmur”. Qadının kişidən asılı və hüquqsuz vəziyyətindən söz açan başqa bir yazıda o, mütiliyi, öz acınacaqlı vəziyyəti ilə barışmaq kimi halları önə çəkirdi: “Satınalma qulu azad etməyi savab hesab edə-edə, biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil?” Zaman göstərdi ki, görkəmli ziyalılarımızın zəhmətləri, səyləri hədər getmədi. Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Qadınların seçkilərdə iştirak edəcəyinə şübhə ilə yanaşanlar çox idi. Lakin seçki günü məscidlərin qarşısı səsvermədə iştirak etməyə gəlmiş çadralı qadınlarla dolu idi. Bakı müsəlman xeyriyyə cəmiyyətinin təyin etdiyi ziyalı qadınlar onların arasında gəzərək seçki qaydalarını başa salırdılar. Təxmini hesablamalara görə, 4 müsəlman seçki məntəqəsində 11 min qadın səs vermişdi. Bu, qadınlarımızın Azərbaycan Xalq Cümhuriyyətinin siyasi həyatında iştirakının debütü idi və onlar müsəlman Şərqində ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ qazandılar. Qadınların bu nailiyyətlərinin səbəbkarları isə Azərbaycan ziyalıları və milli mətbuatımız oldu. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı çətin mübarizəsi nəticəsiz qalmadı. Azərbaycan qadınının ciddi bir ictimai qüvvəyə çevrilməsini təsdiq edən mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla ortaya qoydu. Azərbaycan Respublikası tarixində qadın, gendersiyasətinin banisi olmuş Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadınların roluna daim yüksək qiymət verərək demişdir: “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Aazərbaycan dövləti tərəfindən həyata keçirilən gender siyasətinin mahiyyətində qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şərait yaradılmışdır. Bu səbəbdəndir ki, günümüzdə onlar iş dünyasında, dövlət idarəçiliyində, mədəniyyət sahəsində, səhiyyədə, təhsildə, elmdə və digər ölkə əhəmiyyətli sahələrdə öz sözünü deməkdədir. Lətafət Beybutova Ələsgər qızı Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri Şəffaflıq.az Geri qayıt |