Əsas Səhifə > REGİON > Gürcüstan prezidenti Saakaşvilinin əfvindən DANIŞDI

Gürcüstan prezidenti Saakaşvilinin əfvindən DANIŞDI


29-02-2024, 23:22


"Məhbus Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı qərar dövlət başçısının mənəvi məsuliyyətindədir və buna heç kim təsir edə bilməz".

Şəffaflıq.az  oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabaşvili Saakaşvilinin əfv olunmasının mümkünlüyü ilə bağlı fikir bildirərkən deyib.

"Mən bu məsələyə münasibət bildirmirəm. Bu, mənim özümün verəcəyim və buna görə cavabdehlik daşıyacağım mənəvi bir qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil", - deyə Zurabişvili bildirib.

O qeyd edib ki, ölkədə azad və ədalətli parlament seçkisinin keçirilməsi eks-prezidentin əfv olunub-olunmamasından asılı deyil. Zurabişvilinin sözlərinə görə, Saakaşvili real səbəblərdən həbsdədir.

"Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Mən həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Bu məsələdə nə etməyin lazım olmasına gəlincə, razıyam ki, reputasiya baxımından onun hardasa başqa yerdə olması daha yaxşı olardı", - deyə Gürcüstan prezidenti vurğulayıb.

Zurabişvili həmçinin bildirib ki, başqa ölkələrin istifadə etdiyi bir çox imkanlar var. Söhbət ekstradisiyadan və ev dustaqlığından gedir. O xatırladıb ki, Ukrayna Saakaşvilini ekstradisiya etməyə hazırdır.
"Deməli, imkanlar var", - deyə Gürcüstan rəhbəri əlavə edib.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib.

Saakaşvili özü həbsini siyasi səbəblərlə əlaqələndirib və aclıq aksiyasına başlayıb. Nəticədə eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında o, müayinə olunmaq üçün həbsxanadan paytaxt klinikasına köçürülüb. Vəziyyətinə baxmayaraq, Saakaşvili dəfələrlə Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu bəyan edib.

"Vahid milli hərəkat" partiyası növbəti seçkilərdə qalib gələcəkləri təqdirdə siyasətçinin baş nazir postuna namizədliyini irəli sürəcəklərini istisna etməyib.


Geri qayıt