Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb24-02-2024, 10:11 |
Fevralın 23-də AMEA-nın akademik Z.M.Büynadov adına Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. İnstitutdan Şəffaflıq.az-a bildirilib ki, tədbiri açan elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlü Xocalı soyqırımının Azərbaycan tarixinin faciəli səhifələrindən biri olduğunu deyərək, həmin hadisələrdə kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin şikəst olduğunu, 1275 dinc sakinin girov götürüldüyünü, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini qeyd edib. R.Cümşüdlü Xocalı soyqırımı ilə bağlı Azərbaycanda görülən işlərdən danışıb, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb. İnstitutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi Sübhan Talıblı Xocalı soyqırımını bəşəriyyətin ən qanlı faciəsi adlandırıb. S.Talıblı 1992-ci ilin fevralında Azərbaycan kəndlərindən Malıbəyli, Qaradağlı və Ağdabanın ermənilər tərəfindən işğalından danışaraq, ermənilərin Xocalıya üç istiqamətdən hücum etdiklərini, əhalinin Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olduğunu, qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən xüsusi qəddarlıqla məhv edildiyini deyib. Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev Xocalı soyqırımının Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi olduğunu deyib. Xocalı qətliamını XX əsrdə törədilmiş Xatın, Xirosima, Lidisa, Oradur faciələri ilə müqayisə edən E.Mustafayev bildirib ki, bu soyqırımına beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir. İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi Adil Mirabdullayev Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Geri qayıt |