Əsas Səhifə > SİYASƏT > COP29-la əlaqədar sahibkarlara kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib
COP29-la əlaqədar sahibkarlara kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib1-02-2024, 22:08 |
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, qayda Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Fərmanla təsdiq olunub. Qaydaya əsasən, faiz subsidiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təsdiqedici sənədi əsasında sahibkarların 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası məbləği 1 (bir) milyon manatdan artıq olan kreditlərin illik faiz dərəcəsinin 6 (altı) faiz bəndi həcmində və 72 (yetmiş iki) aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 6 (altı) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir. Faiz subsidiyası kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hesablanır və 2025-ci il yanvarın 1-dən başlayaraq bu Qaydaya uyğun olaraq rüblük əsasda ödənilir. Faiz subsidiyası aşağıdakı hallarda verilmir: - layihə bu Qaydada göstərilən məqsədlər üçün həyata keçirilmədikdə; - sahibkar subsidiya üçün müraciət edən kredit təşkilatına aidiyyəti olan şəxs olduqda; - sahibkarın nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda. Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir. Sahibkar kredit almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində sahibkar barədə məlumatları əldə edir və sahibkarın bu Qaydada nəzərdə tutulmuş meyarlara uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə-kredit təhlili aparır və müvafiq qərar qəbul edir. Kredit təşkilatı müsbət qərar verilmiş layihənin maliyyələşdirilməsini həyata keçirir və bu barədə Fonda 2 (iki) iş günü müddətində rəsmi məlumat verir. Sahibkar kredit aldıqdan sonra faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarların aşağıdakı sənədlərini 10 (on) iş günü müddətində Fonda təqdim edir: - sahibkarın müraciətini, o cümlədən məlumatların Fonda ötürülməsinə razılığı; - sahibkarın təsis sənədlərini, VÖEN-ini, hüquqi şəxsin icra orqanın rəhbərinin və ya fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənədi; - kredit müqaviləsinin və ödəniş qrafikinin surətini; - kredit hesabatını; - sahibkarın rekvizitlərinə, alınmış kreditə və tələb olunan subsidiya məbləğinə dair məlumatı; - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən verilmiş və sahibkarın layihə çərçivəsində nəzərdə tutulmuş işləri başa çatdırmasını təsdiq edən arayışı və ya məktubu. - Fond 5 (beş) iş günü müddətində sahibkara faiz subsidiyasının verilməsi və ya ondan imtina edilməsi barədə müvafiq qərar qəbul edir və kredit təşkilatına təqdim edir. Kredit təşkilatı faiz subsidiyasının verilməsi barədə Fondun qərarını 2 (iki) iş günü müddətində sahibkara sifarişli poçt göndərişi vasitəsilə bildirir. Kredit təşkilatı hər rüb üzrə hesablanmış faizlərə dair hesabatı və faiz subsidiyasının ödənilməsi barədə müraciəti 2025-ci il yanvarın 1-dən etibarən hər rüb başa çatdıqdan sonra növbəti ayın ilk 3 (üç) iş günü müddətində Fonda təqdim edir. Hesabatın formasını Fond müəyyənləşdirir. Fond bu Qaydada nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 3 (üç) iş günü müddətində faiz subsidiyasını aşağıdakı məbləğlərdə kredit təşkilatının hesabına köçürür: - hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydada nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının məbləğindən çox olduqda – ödəniş qrafikində göstərilən məbləğdə; - hesabata əsasən ödənilməli faiz subsidiyası nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının məbləğindən az və ya ona bərabər olduqda – hesabatda göstərilən məbləğdə. Sahibkara krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği ödəniş qrafikində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz. Hesabatda kredit təşkilatı tərəfindən təhrif olunmuş məlumatların təqdim edilməsi aşkarlandıqda, artıq ödənilmiş faiz subsidiyası kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır. Faiz subsidiyası yalnız bu Qaydada nəzərdə tutulmuş sənəddə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir. Faiz subsidiyasının ödənilməsinə dair kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarın həmin kredit təşkilatında olan hesabı üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkar arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda, həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək) faiz subsidiyasının ödənilməsi dayandırılır. Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası kredit təşkilatının hesabına köçürülür. Aşağıdakı hallarda sahibkara faiz subsidiyasının ödənilməsi ləğv edilir: - sahibkarın tələbi əsasında kredit təşkilatının Fonda müraciəti olduqda; - iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; - sahibkar fəaliyyətini dayandırdıqda, bu fəaliyyətə xitam verdikdə və ya onun bu fəaliyyətlə məşğul olmaq hüququ qanunla müəyyənləşdirilmiş qaydada ləğv edildikdə; - müqavilə üzrə ödənişlərinin icrası 90 (doxsan) gündən çox gecikən krediti restrukturizasiya olunduqda. - iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda bu hal barədə kredit təşkilatına məlumat daxil olduğu gündən 3 (üç) iş günü müddətində həmin təşkilat Fonda sifarişli poçt göndərişi vasitəsilə məlumat verir. Geri qayıt |