Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb20-01-2024, 12:46 |
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib. İnstitutdan Şəffaflıq.az-a bildirilib ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədakarlıq göstəriblər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazıblar. Akademik G.Baxşəliyeva qeyd edib ki, həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunub. Əslində, bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər. Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən akademik G.Baxşəliyeva bildirib ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərib. Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev, İnstitutun Həmkarlar təşkilatının sədri Sübhan Talıblı və başqaları çıxış edərək həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər. Geri qayıt |