Əsas Səhifə > Cəmiyyət / MANŞET > Qanlı Yanvar hadisələrindən 34 il ötür.
Qanlı Yanvar hadisələrindən 34 il ötür.20-01-2024, 00:56 |
20 yanvar hadisəsindən 34 il keçir. 1990-cı ilin bu günündə Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Bu tarix xalqımızın ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Bu faciəyə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Sovet rəhbərliyi artan gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olub, 400 nəfər həbs edilib, 744 nəfər yaralanıb, 4 nəfər itkin düşüb. Hərbçilərin yandırıcı güllələrdən açdığı yanğın nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər də var. Yanvarın 22-də ölənlərin dəfn mərasimi keçirilib. Bu hadisələr Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil olub, 20 Yanvar isə respublikada qeyri-iş günü olub. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə olunub. Ümummilli Lider Heydər Əliyev 20 yanvar hadisələri barədə danışarkən bu dəhşəti "Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüz, təhqir, Azərbaycan xalqının qarşısında cinayət kimi qiymətləndirib. Bu hadisəyə ilk reaksiya verənlərdən biri də məhz elə o olub. "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib. Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir", - Ulu öndər söyləyib. Azərbaycan xalqı bu faciəni ləyaqətlə yaşadı. 20 Yanvar qətliamı ərəfəsində yaşanan proseslər Azərbaycan xalqının siyasi özünüdərkinin inkişafına təkan verib. Hər il xalqımız 20 Yanvar şəhidlərini ehtiramla yad edir, onların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzür. Həmin ağrılı-acılı günlərdən uzun müddət keçsə də, xalqımız 20 Yanvar faciəsini unutmur. Hər birimiz üçün unudulmaz tarixə çevrilən 20 Yanvar qətliamını qürurla anır, azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizi yad edirik. 1990-cı il yanvar qurbanları simvolik olaraq "20 Yanvar şəhidi" adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi" var. Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladları da dəfn edilib. İllər əvvəl itirilmiş torpaqlarımız 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslər nəticəsində düşmən tapdağından azad olunub. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Şəffaflıq.az Geri qayıt |