Əsas Səhifə > Hadisə > Toylarda kütləvi zəhərlənmələr niyə səngimir? - QORXUNC STATİSTİKA
Toylarda kütləvi zəhərlənmələr niyə səngimir? - QORXUNC STATİSTİKA18-11-2019, 19:25 |
Xəbər verildiyi kimi, bu il noyabr ayının 13-də Bakıda restoranlardan birində kütləvi zəhərlənmə qeydə alınıb. Məclis sahibi toyda ən azı 10 nəfərin zəhərləndiyini bildirib. İlk zəhərlənənlərdən biri isə bəyin dayısı oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxlinskaya adına xəstəxanaya aparılıblar. Oğlanın mədəsi yuyulub, yoldaşında isə zəhərlənmə qanına keçdiyinə görə, hələ də ev şəraitində müalicə alır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, hadisə ilə bağlı quruma heç bir müraciət daxil olmayıb: "Ancaq mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır". Qaynarinfo-nun araşdırmasına görə, son zamanlarda Azərbaycandakı şadlıq evlərində baş tutan toy mərasimlərində kütləvi zəhərlənmə faktlarına tez-tez rast gəlinir. Elə bu il bir neçə oxşar hadisə yaşanıb. Məsələn, bu ilin iyulunda Şirvan şəhərində kütləvi zəhərlənmə olub. Hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib. Toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər vəziyyətləri ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Yenə bu il, avqust ayında Şəki şəhərində yerləşən "Firuzə" şadlıq sarayında keçirilmiş toy məclisində iştirak edən təxminən 400 nəfər qonaqdan 57 nəfəri (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib. Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Fakta görə polis şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Oxşar hadisələr yalnız şadlıq evlərində yox, el arasında "palatka toyları" kimi bilinən vətəndaşlara məxsus həyətyanı sahələrdə təşkil edilən toylarda da yaşanır. Məsələn, bu ilin avqustunda İsmayıllı rayonunun Qəzli kəndində keçirilən toy mərasimində kütləvi zəhərlənmə olub. Hadisə kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində təşkil olunan kiçik toy mərasimində baş verib. Toya gələnlərdən 33 nəfərin halı pisləşib. Toy sahibi dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Halı pisləşənlər təcili xəstəxanaya gətiriblər. Onlardan 5-i uşaq, qalanı isə orta yaşlı şəxslər olub. Zəhərlənənlərdən 4 nəfərin vəziyyəti pis olduğu üçün reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra 29 nəfər ambulator müalicəyə buraxılıb. Zəhərlənmənin meyvə şirəsindən baş verdiyi ehtimal olunurdu. Və ya: yenə bu ilin avqustunda Qəbələ rayonunun Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən təxminən 500 qonaqdan 89-u (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. İlkin araşdırma zamanı müəyyən olunub ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları (kabablar, toyuq əti, salatlar, qarpız, üzüm, düşes, kompot və sair) qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına və Qəbələ Rayon Müalicə Diaqnostika Mərkəzinə müraciət ediblər. İyul ayında isə Lerik rayonunda toyda kütləvi zəhərlənmə baş verib. Hadisə rayonun Durğan kəndində qeydə alınıb. Füzuli Mirzəyevə məxsus evin həyətyanı sahəsində toy məclisi keçirilib. Həmin toy məclisində 1981-ci il təvəllüdlü Ehtiram Abdullayev, 1989-cu il təvəllüdlü Kəmalə Quluzadə, 2002-ci il təvəllüdlü Yaşar Quluzadə, 2003-cü il təvəllüdlü Yasəmən Quluzadə (bir ailənin 4 üzvü), 1966-ci il təvəllüdlü İlham Zülfiyev, 1979-cu il təvəllüdlü Mehman Teyyubov, 1997-ci il təvəllüdlü Günay Teyyubova, 1991-ci il təvəllüdlü Mütəllim Teyyubov və 1984-cü il təvəllüdlü Rəvanə Teyyubova qidadan zəhərlənib. Onlar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ekspertlər hesab edirlər ki, Azərbaycan toylarında kütləvi zəhərlənmələrin getdikcə adi hal alması narahatlıq doğurur və ölkədə qida təhlükəsizliyinin təmin edilməsi baxımından çoxsaylı problemlərin olduğunu aydın şəkildə göz önünə sərir. Hələ də toylarda əhaliyə verilən qidaların, içkilərin tərkibi ilə bağlı ciddi şübhələr var, onların standartlara uyğun hazırlanmadığına dair iddiaların ardı-arası kəsilmir. Bu yaxınlarda ölkədə saxta yolla spirtli içkilərin hazırlanması və satışı ilə məşğul olan cinayətkar şəbəkə ("Beluqa Tahir" və dəstəsi) ifşa edildi, ondan bir qədər əvvəl isə mənşəyi məlum olmayan ət satışı ilə məşğul olan "Leş Tofiq" və adamları həbs olunmuşdu. Həmin keyfiyyətsiz məhsulların eyni zamanda şadlıq evləri, toy mərasimləri vasitəsilə vətəndaşlara təklif edildiyi bildirilir. Lakin istisna edilmir ki, oxşar fəaliyyətlə məşğul olan başqa şəxslər də var və onların fəaliyyəti ölkənin qida təhlükəsizliyinə təhdid olaraq qalmaqdadır. Elə toylardakı kütləvi zəhərlənmələrin səngiməməsi də bunun göstəricisidir. Mütəxəssislərin fikrincə, şadlıq evində toy edən şəxslə müdiriyyət arasında heç bir müqavilənin bağlanmaması bu müəssisələrin məsuliyyətini azaldır. Bir neçə ay əvvəl isə mətbuata açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirmişdi ki, qida təhlükəsizliyinə nəzarət funksiyası Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. "Əhaliyə standartlara uyğun olmayan və müxtəlif brendlərlə qablaşdırılmış spirtli içkilər satılır. Bu, xüsusən də, şadlıq evlərində geniş yayılıb. Qida Təhlükəsizliyi Agentliyi bütün bu problemləri həll etməlidir”. Şəffaflıq.az Geri qayıt |