Əsas Səhifə > Hadisə > BDYPİ səfərdə olan sürücülərə müraciət edib
BDYPİ səfərdə olan sürücülərə müraciət edib3-01-2024, 19:25 |
Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səfərdə olan sürücülərə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsinin müraciətdə deyilir: "Hazırda davam edən qeyri-iş günlərində doğmalarını ziyarət etmək, istirahət və ya əyləncə məqsədilə respublikanın ayrı-ayrı şəhər və rayonlarına avtomobillə səfər edənlərin sayının artması, xüsusilə rekreasiya əhəmiyyətli bölgələrdə hərəkət intensivliyinə bilavasitə təsir göstərib. Bununla bağlı DYP tərəfindən gücləndirilmiş iş rejimində zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, bəzən özünün, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşaraq səfər etdikləri yaşayış məntəqələrində, eləcə də istirahət və ya əyləncə mərkəzlərinin yerləşdiyi ərazilərdə sərxoş halda sükan arxasına əyləşən, avtomobili azyaşlı övladlarına həvalə edən, yaşı on ikidən az olan uşaqları ön oturacaqda daşıyan, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamayan, mobil telefondan istifadə edən, sürət həddini aşan, xüsusilə dağlıq relyefli ərazilərdə ötmə və manevretmə qaydalarını kobud şəkildə pozan, yol və hava şəraitini nəzərə almayan sürücülərə rast gəlinir ki, bütün bunlar sonda xoşagəlməz yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tətil günlərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olmağı xahiş edir". Şəffaflıq.az Geri qayıt |