Əsas Səhifə > SAĞLAMLIQ > Sumqayıt Tibb Mərkəzinə yeni direktor təyin edilib

Sumqayıt Tibb Mərkəzinə yeni direktor təyin edilib


30-12-2023, 16:46


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sumqayıt Tibb Mərkəzinə direktor təyin edilib.

TƏBİB-dən  bildirilib ki, Mərkəzin direktoru vəzifəsi Elnur Azadxanova həvalə olunub. O, bundan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

E.Azadxanov 1976-cı ildə Cəlilabad rayonunun Prişib (indiki Göytəpə) şəhərində doğulub.

O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2006-cı ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası üzrə klinik ordinaturanı bitirib, 2010-cu ildə Türkiyə Cümhuriyyəti Fırat Universiteti Tibb Fakültəsinin “Kardiyoloji Araştırma ve Uygulama Merkezi”ndə invaziv kardiologiya üzrə ixtisaslaşma təhsili alıb.

Mərkəzin yeni direktoru 2000-2002-ci illərdə Tərtər-Ağdərə istiqamətində “N” saylı hərbi hissədə həkim kimi hərbi xidmətdə olub. 2003-2005-ci illərdə Cəlilabad rayonunun Göytəpə şəhərindəki Uşaq Xəstəxanasında həkim-pediatr, 2007-2011-ci illərdə Göytəpə şəhərindəki xəstəxanada həkim-terapevt, 2011-2020-ci illərdə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində Poliklinika şöbəsinin müdiri, həkim-kardioloq vəzifəsində çalışıb.

O, 2020-ci ilin fevral ayında Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru, mart ayında isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb.

E.Azadxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 18 iyun 2693 nömrəli sərəncamı ilə “Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.

Şəffaflıq.az 


Geri qayıt