Əsas Səhifə > FUTBOL > Qurban Qurbanov: “Daha yaxşısını gözləyirdim”

Qurban Qurbanov: “Daha yaxşısını gözləyirdim”


1-12-2023, 08:11


“Daha yaxşısını gözləyirdim”.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveç klubu “Molde” ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis “Aker” stadionunda baş tutan matçın ardından fikirlərini bölüşüb: “Oyunun gedişatına baxsaq, çox uğurlu nəticə oldu. Düşünürdüm ki, meydançaya tez uyğunlaşarıq, o qədər çətinliyimiz olmaz. Şükürlər olsun ki, futbolçular çətinliyə dözməyi bacardılar. Bir matçımız qaldı. Bakıdakı görüşə daha yaxşı şəraitdə hazırlaşacağıq. 1 xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Son qarşılaşmada daha istəkli olmalıyıq. Bütün çətinliklərə baxmayaraq, futbolçular inamlarını itirmədilər”.

O, bəzi əvəzetmələrin plana uyğun aparılmadığını söyləyib: “Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə, bəziləri gözlənilməz oldu. Rəqibə də qiymət vermək lazımdır. Çox keyfiyyətli komandadır. Sistemlərinə o qədər sadə şəkildə uyğunlaşıblar ki, nə edəcəklərini hamı bilir. İlk hissədə oyunun quruluşunda dəyişiklik olmuşdu. Sonradan meydançaya daxil olanlar özlərini pis tərəfdən göstərmədilər. Bir az balans pozuldu. Ancaq komandamızda əvəzetmədən mübarizəyə qoşulanlar istəkli və aqressiv oldular”.

Baş məşqçi son dəqiqədə gələn bərabərlik topunun onlara qarşıdakı görüşdə müsbət təsir edəcəyini vurğulayıb: “Son dəqiqələrdə buraxılan və vurulan qollar komandanın böyüməsi üçün vacibdir. Son dəqiqədə vurulan qol komandaya əlavə motivasiya verir. “Bayer”lə görüşün son dəqiqələrində buraxdığımız top futbolçulara həddən artıq təsir etmişdi. Son dəqiqə qolları böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Son matçda daha diqqətli və fəal olmalı, soyuqqanlı oynamalıyıq. Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etməyimiz bizi sevindirir. İnşallah, futbolçularımız bununla kifayətlənməzlər”.

Qurban Qurbanov qış fasiləsində heyəti gücləndirmək istədiklərini əlavə edib: “Bu gün çatışmazlıq bəlkə orta sahədə oldu. Həm Yankoviç, həm də Patrik yorulmuşdu. Düzdür, ehtiyatda Riçard Almeyda var idi. Amma Romaonun olmaması və Juninyonun da əvəzlənməsi planlarımızı pozdu. Qışda 2 oyunçu transfer etmək istərdim. Əlimizdə daha çox sağlam oyunçunun olması işimizi asanlaşdırar”.

Təcrübəli çalışdırıcı müdafiəçi Bəhlul Mustafazadənin son dəqiqələri hücumda keçirməsinə də münasibət bildirib: “Bakıdakı görüşdə də iki mərkəz müdafiəçimiz riskə gedərək, hücumda oynamışdı. Bəhlul kornerdən sonra da hücumda qaldı. Hətta bildirdim ki, geri qayıtsın. Ancaq top orada qaldığı üçün Bəhlul hücumda qaldı və bundan istifadə etdi”.

Qurban Qurbanov qrupun son qarşılaşmasının çətin olacağını deyib: “Bəzən son oyunlarda nəticəni əldən verdiyimiz anlar olub. “Hekken” qrupdakı bütün oyunlarında məğlub olub. İtiriləcək heç nələri yoxdur. Bura qələbə qazanmaq üçün gələcəklər. Həddən artıq istəkli olmağımız bizə mane ola bilər. Meydançada tapşırıqları düzgün icra etmək lazımdır. Rəqibin oyununa baxdıqdan sonra komandanı matça soyuqqanlı şəkildə hazırlamağa çalışacağıq”.

Baş məşqçi bunu karyerasının ən gərgin oyunu hesab etmir: “Daha həyəcanlı və gərgin oyunlarım çox olub. Bu gün o qədər də həyəcan yox idi, rahat idim. Düzdür, qalib gəlsəydik, burada hər şey həll oluna bilərdi. İndi isə hər şey son tura qaldı”.

Şəffaflıq.az  


Geri qayıt