Əsas Səhifə > ELM VƏ TƏHSİL > Kosmik hava durumu açıqlanıb
Kosmik hava durumu açıqlanıb27-11-2023, 16:17 |
Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma M1.48 sinifli alışma olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, alışmalar nəticəsində R1 səviyyəli radiosiqnalların kəsilməsi, II-IV tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq, 11 ləkə qrupunda 169 ləkə və Tac dəliyi müşahidə olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli 1107 pfu-ya kimi yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 626 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 18 nT, radial istiqamətdə isə -15 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 483 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.33 nT, radial istiqamətdə isə -1.82 nT təşkil edir. Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi 21-22 noyabrda G1 (zəif), 25 noyabrda isə G2 (orta) səviyyəsinə kimi yüksəlmiş və geomaqnit qasırğaları baş vermişdir. Hal-hazırda Kp indeksi 1.7-ə bərabərdir. Kosmik hava proqnozu – Proqnoz günlərində (27 noyabr - 03 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin 29 noyabradək yüksək səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır. Günəş küləyinin sürətinə müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsirinin zəifləməsi və normala dönməsi gözlənilir. Geomaqnit sahəsinin Tac dəliyinin təsiri ilə 29 noyabradək aktiv və qeyri-sabit səviyyələrdə olacağı gözlənilir. Geri qayıt |